NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 135
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Kitab əhli) dedi: "Yəhudi və məsihi olun ki, doğru yolu tapasınız. De ki, (belə deyil,) İbrahimin haqq ayini (hidayət mayasıdır, çünki) o müşriklərdən deyildi.”
Nöqtələr
"Yəhud” sözü Allaha doğru qayıdış mənasını verən kökdən götürülmüşdür. "Məcməül-bəyan” kitabında imam Sadiqdən (ə) nəql olunmuşdur ki, "yəhud” ləqəbi "Əraf” sürəsinin 156-cı ayəsindən iqtibas olunmuşdur. Həmin ayədə Bəni-İsrailin Allaha "inna hudna iləyk” dediyi bildirilir. "Nəsara” sözü isə həzrət İsanın "mən ənsari iləllah” ifadəsindən iqtibas olunmuşdur.("Təfsiri-bürhan”. ) "Hənif” sözü doğru yola gəlmək mənasını verən "hunəf” sözündəndir. "Cunəf” isə əyri yolda qərar tutmaqdır.
113-cü ayədə oxuduq ki, yəhudilər məsihiləri (nəsara) qəbul etmədilər. Nəsranilər də öz növbəsində yəhudiləri inkar etdilər. Hər iki qrup yalnız özünün doğru yolda olduğunu güman edirdi. Halbuki hər ikisi şəkkə düçar olmuş və doğru yoldan azmışdılar. Doğru yol isə heç vaxt şəkk-şübhəyə uğramayan İbrahim yoludur.
İmam Sadiq (ə) buyurmuşdur: "Hənif və haqlı din həqiqət və İslama meyldir.”("Təfsiri-Məcməül-bəyan”; "Təfsiri-Rahnüma”. )
Bildirişlər
1. Yersiz inhisarçılıq qadağandır. Yəhudilər və məsihilər heç bir dəlilə malik olmadan təkcə özlərini doğru yolda bilirdilər.
2. Ad və ünvan mühüm deyil. Mühüm iman və əməldir. Yəhudi və ya məsihi yalnız ləqəbdir. Dəyərli olan isə tövhid, təkallahlılıqdır.
3. Başqalarının mənfi təbliğatına cavab verin.
4. İbrahim heç vaxt müşriklərdən olmamışdır. Yəhudilər və məsihilər şirkə düçar olanlardır.