NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 197
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Ümrə və) Həcc (mövsümü) müəyyən aylardır. (Şəvval, zilqədə, zilhiccə.) Hər kəs bu aylarda həcc əməlini yerinə yetirsə, (bilsin ki,) cinsi yaxınlıq, günah, pis danışıq həcdə rəva deyil. Gördüyünüz yaxşı işlərdən Allah xəbərdardır. Özünüz üçün azuqə hazırlayın. Əlbəttə, ən yaxşı azuqə təqvalı olmaqdır. Ey düşüncə sahibləri! Yalnız Məndən çəkinin.”
Nöqtələr
"Rəfəs” cinsi yaxınlıq, "fusuq” yalan, söyüş, pis danışıq, "la vəllah” və "bəla vəllah” mənalarındadır.
Ayədə qeyd olunmuş dövr həcc və ümrəyə aiddir. Təməttö ümrəsi şəvval, zilqədə və zilhiccə, həcc isə yalnız zilhiccə aylarında yerinə yetirilir.
Bildirişlər
1. İslami ibadətlərdə zamanın mühüm rolu var.
2. Həcc və Məkkənin səfalı mühiti və fəzasını günaha batmaqla, kin-küdurətlə bulaşdırmaq olmaz.
3. Allahın xəbərdarlığına iman və yəqinlik vəzifələrin icrasında insana sevinc və ümid bağışlayır.
4. Bütün səfərlərdə azuqəyə ehtiyac var. Həcc səfərində ən yaxşı azuqə təqvadır.
5. Təqva düşüncə nişanəsidir.