NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 218
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən iman gətirənlər, mühacirət edənlər və Allah yolunda cihada qalxanlar Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayan və mehribandır.
Nöqtələr
Əvvəlki ayənin davamı olan bu ayənin nazil olma şəni haqqında oxuyuruq: Hicrət və cihad etmiş, amma rəcəb ayını cəmadiül-axir ayı ilə səhv salmış və savaşa girmiş möminlər narahat olmasınlar. Çünki onların səhvləri bağışlanasıdır. Onların günah etmək məqsədləri olmamışdır.
Əməlsiz ümid arzudan başqa bir şey deyil. Çünki "Kəhf” surəsinin son ayəsində belə buyurulur: "Hər kimin Allahla görüşə və yaxınlıq məqamına çatmağa ümidi varsa, xalis əməl yerinə yetirməlidir.” Bəli, "rəca” - gerçəkləşməsi üçün müqəddimə işləri görülən ümiddir.
İlahi lütflərə ümidvarlıq üçün İslam zəminələr hazırlamışdır:
1. Allahdan ümidsizlik kəbirə (böyük) günahlardandır.(Bax: "Ğafir”, 7, "İbrahim, 41. )
2. Allah-təala buyurur: "Mən mömin bəndəmin gümanına baxıram. Əgər Mənə qarşı xoş gümandırsa, ona yaxşılıq yetirirəm(Bax: "Bəqərə”, 261. )
3. Peyğəmbərlər və mələklər möminlər üçün dua edir və onların bağışlanmasını diləyirlər.(Bax: "Nisa”, 18. )
4. İlahi mükafat qat-qat artıq olur.(Bax: "Bihar”, c. 81, s. 176. )
5. Tövbə yolu açıqdır.(Bax: "Furqan”, 70. )
6. Möminin çətinlikləri onun günahlarının kəffarəsi sayılır.("Ali-İmran”, 92. )
7. Allah tövbəni qəbul edir və günahları savaba çevirir.("Nəhl”, 67. )
Bildirişlər
1. İman əməldən üstün rütbəyə malikdir.
2. Allahın lütfünə ümid iman, hicrət və cihaddan asılıdır.
3. Düşüncə və əməllərin əsası düzgün olsa, kiçik yanlışlıqlar bağışlanasıdır.
4. Yaxşı işlərə yox, Allahın lütfünə ümid bağlayaq. Çünki pis aqibət, əməllərin puça çıxması, ibadətlərin qəbul edilməməsi təhlükəsi ömrümüzün sonunadək pusqudadır.
5. Bəndə Allahın rəhmətinə ümidvar olduğundan Allah belə elan edir: "O, bağışlayan və mehribandır.”
6. Hicrət və cihadı dəyərli edən, onların Allah yolunda baş verməsidir.
7. Xalis möminlər və mühacirlər də Allahın rəhmət və bağışlanmasına ehtiyaclıdırlar.
8. Allah yolunda mühacir və mücahidlərin xətalarını bağışlamaq lazımdır.