NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 240
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sizlərdən ölüm astanasında olan və özündən sonra evdə arvadı qalan kəslər (dolanışıq xərcini ödəməklə) onların bir il müddətində bəhrələnib evdən çıxarılmamasını tapşırsınlar. Amma onlar özü çıxıb, özləri haqqında layiqli bir qərara gəlsələr, sizin üçün günah yoxdur. Allah əziz və həkimdir.”
Nöqtələr
Bəzi təfsirçilərin fikrincə, bu ayə iddə və irs ayələrindən qabaq nazil olmuşdur. Sonrakı ayələr nazil olduqdan sonra bu ayə nəsx edilmişdir. Başqa sözlə, onlara əməl tarixi başa çatmışdır. Bəziləri isə belə düşünürlər ki, iddə və irs ayələri zəruri və vacib ölçüləri bəyan etmişdir. Yəni qadın filan miqdar irs haqqına malikdir və filan müddət iddə saxlamalıdır.
Amma bu ayəni vacib vəzifələrin kənarında bir müstəhəb əməl şəklində də göstərmək olar. Yəni iddə müddətindən sonra qadın ərinə hörmət olaraq bir il müddətində onun evində qalmaq istəsə, ər də onun irsdən payına əlavə olaraq öz üçdə bir vəsiyyət payından bir illik xərcini ödəyə bilər. Başqa sözlə, kişinin öz irsinin üçdə birindən qadını üçün pay ayırmaq haqqı var.("Təfsiri-Ruhul-Məani”. )
Bildirişlər
1. Kişilər öz mallarından bir hissəsini arvadlarına vəsiyyət etsinlər.
2. Vəsiyyətdə dul qalmış arvad başqalarından öndə gəlir.
3. Dul qadının gələcəyi təmin olunmalıdır.
4. Qadın yeni ər seçimində ağıllı, şəri və məsləhətli qərar çıxarmalıdır.
5. Bütün ilahi hökmlər hikmətə əsaslanır.