Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 286-cı Ayə

Surə 2
Ayə 286

Azərbaycan dilində tərcümə

Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan, odur ki, bizə kafirlərin dəstəsi üzərində (qələbə çalmağa) kömək et».
Əl-Bəqərə surəsi , 286-cı ayə
Əl-Bəqərə surəsi 286-cı ayə
Tam Surə

Əl-Bəqərə surəsi 286-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 286

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Allah hər kəsi yalnız gücü qədərində vəzifəli edir. Hər kəs gördüyü hər bir işi öz faydası üçün edir. Etdiyi pis işlər isə öz zərərinə kəsb edilmişdir. (Möminlər deyirlər:) Pərvərdigara! Əgər (vəzifələrimizi) yaddan çıxarıb xəta etdiksə, bizi cəzalandırma. Pərvərdigara! Bizim üçün ağır vəzifə qərar vermə. Necə ki, (günahlarına görə) bizdən qabaqkılar üçün (ağır vəzifə) qərar verdin. Pərvərdigara! Bizim üçün taqətimiz çatmayacaq cəzalar müəyyənləşdirmə. Bizi bağışla və Öz mərhəmətində qərar ver. Sən bizim mövlamızsan, bizi kafir qövmə qalib et.”
Nöqtələr
Bəzən unutqanlığın səbəbi insanın öz səhlənkarlığı olur. Belə olduqda insan cəzalandırılır. Necə ki, Allah-təala buyurur: Bizim ayələrimiz sənə gəldikdə, sən onları unutdun. Necə ki, bu gün də unudulmuşlardan olmusan.”  Ona görə də bu ayədə xətakarlıqla yanaşı, unutqanlığın da bağışlanması istənilir. Tüğyan və fəsad səbəbindən əvvəlki ümmətlərə verilmiş cəzalar xatırlanmaqla bağışlanma rica olunur.
Bu ayədə insan Allahın bütün lütf mərhələlərini istəyir: Birinci mərhələ əfvdir və bu mərhələdə bütün günah və xətalarının əsərləri aradan götürülür. İkinci mərhələ bağışlanma və ruhun günah tozundan təmizlənməsi mərhələsidir. Üçüncü mərhələ Allahın mərhəmətindən bəhrələnmə və kafirlərə qaliblik mərhələsidir.
Bir neçə ayədə güc həddində vəzifələr təyini haqqında danışılır: Hazırkı ayə; "Həcc” 78; "Bəqərə”, 185. İslam peyğəmbəri buyurmuşdur: "Mən asan və yüngül dinlə məbus olmuşam.” 

Bildirişlər

1. İlahi vəzifələr insanın gücündən yuxarı deyil.
2. Əməllərimizin bir vaxt özümüzə qayıdası əsərləri var.
3. İnsan azad və ixtiyar sahibidir.
4. İlahi göstərişlərin yerinə yetirilməsi və ya tərk olunması insanın özü üçün xeyirli və ya zərərlidir.
5. Başdan-ayağa ədalətli və müttəqi olanlar da öz xəta və nöqsanlarına görə narahatdırlar və dua edirlər.
6. Keçmişdəkilərin tarixinə və onların başına gələn acı hadisələrə nəzər salın ki, ibrət dərsi götürəsiniz və Allaha pənah aparasınız.
7. Əvvəlcə insanın öz zəifliyini etiraf etməsi dua qaydalarındandır. Sonra Allahın əzəmətinə şəhadət verilir, daha sonra insan öz istəyini bəyan edir.
8. İslamın küfrə qələbəsi möminlərin daimi istəyidir.