NUR TƏFSİRİ : Bəqərə surəsi 7-ci ci ayə
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
7. خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ
"Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərinin qarşısında pərdə vardır. Onları böyük bir əzab gözləyir.”
Nöqtələr
Allah kafirlərin inadkarlığı müqabilində onların qəlbinə bədbəxtlik möhürü vurur. Quranda oxuyuruq: "Allah təkəbbürlü və zalım fərdlərin qəlbini möhürləyir.”("Mu`min”, 35. ) Başqa bir ayədə oxuyuruq: "Allah bilərəkdən nəfs istəkləri ardınca gedənlərin qəlbini möhürləyər.”("Casiyə” 23. ) Bəli, ilahi möhür insanın öz pis seçiminin nəticəsidir. Qəlbin möhürlənməsini Allah tərəfindən səbəbsiz bir cəza kimi qəbul etmək olmaz.
Quran "qəlb” dedikdə ruh və dərketmə mərkəzini nəzərdə tutur. Bu ilahi kitabda üç növ qəlb haqqında danışılır:
Sağlam qəlb, "münib” qəlb və xəstə qəlb.
Sağlam qəlbin xüsusiyyətləri:
a) Allahdan qeyrisinə yer verilməmiş qəlb(Nurus-səqəleyn”, c. 4. s. 57. );
b) Haqq rəhbər ardınca gedən, günahdan tövbə etmiş, haqqa təslim olmuş qəlb("Nəhcül-bəlağə”, x. 214. );
q) Dünya sevgisinə bulaşmamış qəlb("Təfsiri-safi”. );
v) Allah zikri ilə aramlıq tapan qəlb("Fəth”, 4. );
d) Allah uğrunda xaşe, müti qəlb("Hədid”, 16. );
Möminin qəlbi həm Allahın zikri ilə aramlıq tapır, həm də Onun qəhrindən qorxur("Ənfal”, 2. ). Möminin halı valideynini görüb aramlıq tapan, həm də onunla hesablaşan körpənin halına bənzəyir.
Xəstə qəlbin xüsusiyyətləri:
a) Allahdan qəflətdə qalıb hidayətə layiq olmayan qəlb("Kəhf”, 28. );
b) Fitnə-fəsad ardınca gəzən qəlb(Ali-İmran”, 7. );
q) Daşlaşmış qəlb("Maidə”, 13. );
v) Rəngini dəyişmiş qəlb("Mutəffifin”, 14. );
d) Möhürlənmiş qəlb("Nisa”, 155. );
"Münib” qəlbin xüsusiyyətləri:
Öz səhvlərini anladıqdan sonra tövbə edib Allaha doğru qayıdan insanın qəlbi "munib” qəlb adlanır. İnsanın rəftar və danışığındakı dəyişikliklər bu qəlbin bariz xüsusiyyətlərindəndir.
Allah Quranda kafirlərin doqquz sifətini bəyan etmişdir: inkar("Nəhl”, 22. ), təəssüb("Fəth”, 26.), çaşqınlıq("Tövbə”, 127. ), bərklik, daşlıq("Zümər”, 22. ), ölüm("Rum”, 52. ), pas("Mütəffifin”, 14. ), xəstəlik("Bəqərə”, 14. ), darlıq(Ən`am”, 125. ), möhür("Nisa”, 155. ).
Belə insanın qəlbi dəyişkəndir. Ona görə də möminlər belə dua edirlər: "Pərvərdigara! Qəlblərimizi hidayət etdikdən sonra çaşqınlığa düçar etmə.” İmam Sadiq (ə) buyurmuşdur: "Bu ayəni tez-tez təkrarlayıb, özünüzü azğınlıqlardan amanda saxlayın.”("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 319. )
Bildirişlər
1. Allahın ən böyük cəzası insanın həqiqətləri dərk edə bilməməsidir. ("Xətəməllahu əla qulubihim”)
2. Küfr və mülhidlik qəlb və qulaqların möhürlənməsi səbəbidir.
3. Küfr səbəbindən insanın ən üstün imtiyazı olan haqqın və gerçəkliyin dərki qabiliyyəti ondan alınır.
4. Allahın cəzası bizim əməllərimizə münasibdir. Haqqı bilərəkdən gizlədən insanın cəzası onun gözünə, qulağına, ruhuna və düşüncəsinə pərdə çəkilməsidir. Əslində insan özü özünü bədbəxt edir. İmam Riza (ə) buyurmuşdur: "Qəlblərin möhürlənməsi onların küfrlərinin nəticəsidir.”("Təfsiri-Nurus-səqəleyn”, c. 2, s. 27. )