NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 21
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allaha iftira yaxan və ilahi ayələri təkzib edəndən də zalım olan kimdir? Həqiqətən, zalımlar nicat tapmazlar.”
Nöqtələr
Quranda "kimdir daha zalım?” təbiri on beş dəfə işlədilmişdir. Belə bir müraciət Allaha iftira yaxanlara, xalqı məsciddən uzaqlaşdıranlara, şəhadət və haqqı gizlədənlərə ünvanlanmışdır. Aydın olur ki, əqidə zülmü, xalqı təkamüldən uzaqlaşdırmaq cəmiyyətə ən böyük zülmdür.
Bildirişlər
1. Daha əziz və daha müqəddəs bir şeyə qarşı zülm daha ağır zülmdür. Ona görə də Allaha zülm, Onun müqəddəs zatına iftira zülmlərin ən böyüyü sayılır.
2. İnsanların düşüncə və mədəniyyətinə zülm ən pis zülmlərdəndir. Bu sayaq zülmə nümunə olaraq Allaha şərik qoşulmasını, Allaha iftira yaxılmasını, yalandan peyğəmbərlik iddiasını, bidəti, rəy əsasında təfsiri göstərmək olar.