Əsas məzmuna keç

Əl-Ənam ‏ surəsi - 84-cü Ayə

Surə 6
Ayə 84

Azərbaycan dilində tərcümə

Və ona İshaqı və (nəvəsi) Yəqubu əta etdik. (Onların) hər birini (dinin əsasları və maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik). Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq.
Əl-Ənam ‏ surəsi , 84-cü ayə
Əl-Ənam ‏ surəsi 84-cü ayə
Tam Surə

Əl-Ənam ‏ surəsi 84-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 84

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Biz ona (İbrahimə) İshaq və Yaqubu bəxş etdik. Onları birbəbir hidayət etdik. Nuhu isə onlardan qabaq hidayət etmişdik. Onun (İbrahimin) nəslindən Davud, Süleyman, Əyyub, Yusif, Musa, Harunu (da hidayət etdik). Biz yaxşı əməl sahiblərinə bu sayaq mükafat veririk.”
Nöqtələr
Bu və növbəti iki ayədə peyğəmbərlərdən on yeddisinin adı çəkilmişdir. Bu on yeddi nəfərin ardıcıl şəkildə yada salınmasının səbəbi onların eyni dövrdə yaşaması və ya eyni rütbəyə malik olması deyil. Bəlkə də bu qruplaşdırmanın səbəbi onların hakimiyyət sahibi olmalarıdır. Əgər 84-cü ayədə hakimiyyəti olan peyğəmbərlər yada salınmışsa, 85-ci ayədə fəqir və dünya həyatından bəhrələnməmiş peyğəmbərlər zikr olunur. 86-cı ayədə isə xüsusi çətinliklərlə üzləşmiş peyğəmbərlər yada salınır. 
"Zürriyyə” sözü iki cür mənalandırıla bilər: "Onun nəslindən” mənasını verən bu söz həm həzrət İbrahimə, həm də Nuha aid ola bilər. Əvvəlki ayələr İbrahim haqqında olduğundan rəvayətlərdə birinci mənalandırma əsas yer tutur. Amma Nuhun adı öncə çəkildiyindən bəziləri bu sözün Nuha aid olduğunu bildirmişlər. Onun nəslindən Lut kimi peyğəmbərlər seçilmişdir.
Bildirişlər
1. Saleh övlad ilahi bir hədiyyədir.
2. Peyğəmbərlər övladı olmaq iftixar deyil. İbrahimin nəsli kamilliklərə malik idi və ilahi hidayətə nail olmuşdu.
3. Hidayət və peyğəmbərlik sünnəsi daim cərəyanda olmuşdur.
4. İlahi lütflər hesabsız və ya səbəbsiz verilmir.