Əsas məzmuna keç

Əl-Həcc ‏ surəsi - 5-ci Ayə

Surə 22
Ayə 5

Azərbaycan dilində tərcümə

Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq. Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir.
Əl-Həcc ‏ surəsi , 5-ci ayə
Əl-Həcc ‏ surəsi 5-ci ayə
Tam Surə

Əl-Həcc ‏ surəsi 5-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Həcc ‏ surəsi / ayə 5

MÖHSÜN QƏRAƏTİ
24.05.2026
“Ey insanlar! Qiyamətə şəkkiniz varsa (öz vücudunuza diqqət yetirməklə şəkkinizi aradan qaldırın). Biz sizi torpaqdan, nütfədən, sonra laxta qandan, daha sonra ətdən yaratdıq. Bəzisi kamil şəkilə düşdü, (dünyaya gəldi), bəzisi kamil şəkilə gəlmədi (vaxtından əvvəl düşdü). (Bununla da istədik ki, hər şeyə qadir olduğumuzu) sizə aşkarlayaq. (Bətndəkilərdən) istədiyimizi müəyyən nəticəyədək anaların bətnində qərar verər, sonra körpə şəklində bayıra çıxararıq ki, yetkinlik həddinə çatasınız. (Bu arada) sizlərdən bəzisi ölər, bəzisi həyatın ən rəzil mərhələsinə (qocalığa) çatar və bildiklərini əldən verər. Torpağı (qışda) quru və ölü görərsən. Elə ki, üzərinə yağış yağdırarıq, hərəkətə gələr, inkişaf edər, növbənöv gözəl otlar bitirər.”

Nöqtələr

“Vəfat” kökündən olan “yutəvəffa” sözü insan vücudundan ruhun tam çıxarılması və ölümdən sonra ruhun əbədiliyi mənalarını bildirir. “Bəhcət” kökündən olan “bəhic” sözü şadlıq mənasını bildirir. Yaşıllığın seyri insanda ruh yüksəkliyi və şadlıq yaradır. Ayədə qocalıq insan ömrünün ən rəzil çağı sayılsa da, bu rəzilliyi doğuran əsas səbəb yalnız qocalara aid deyil. Həyatının istənilən bir dövründə, hətta cavanlıq dövründə ağıl qüvvəsi zəifləyən insan öz ömrünün rəzil çağını yaşayır.

Bildirişlər

  1. Şəkkin qaynağı Allahın qüdrətindən xəbərsizlikdir.

  2. Kafirlərlə dəlillər əsasında, məntiqi və anlaşılan şəkildə danışaq.

  3. Hisslər vasitəsi ilə həqiqətlərlə tanış olmaq mümkündür.

  4. Məad həm cismani, həm də ruhanidir.

  5. İnsanın mənşəyi, ilkin maddəsi torpaqdandır.

  6. İnsan ölümdən öncə yeddi mərhələ keçir (torpaq, nütfə, laxta qan, formalaşmamış ət, körpəlik, yetkinlik, qocalıq).

  7. “Muzğə” (ana bətnində laxtalanımış ət) dövrü insanın formalaşma dövrüdür.

  8. Dünyada cansız torpaqdan insan yaradan kəs Qiyamətdə də bu işi görə bilər.

  9. Həyat yüksəliş və enişdən ibarətdir; torpaqdan yüksəliş və həyatın rəzil çağına eniş!

  10. Yaranışın bütün mərhələləri, nütfənin möhkəmlənməsindən doğuşadək ötən pillələr Allahın əlindədir.

  11. Təbii gedişatların zamana ehtiyacı var.

  12. Nütfənin möhkəmlənməsi və ya vaxtsız düşməsi Allahın istəyindən asılıdır.

  13. Hamiləlik dövrü Allah tərəfindən müəyyənləşdirilmişdir.

  14. İnsanın dünyaya gəlişi Allahın iradəsindən asılıdır.

  15. İnsanlar öncə eyni olur, sonra qidalanma və tərbiyə nəticəsində hərə özünəməxsus əxlaq və rəftarlara yiyələnir.

  16. Ölüm təkcə qocalara aid deyil.

  17. İnsan ölümlə məhv olmur.

  18. İnsan və insan həyatının dəyəri onun elm, agahlıq və ağlından asılıdır. (Quran, biliklərin unudulmasını ömrün ən rəzil çağı üçün dəlil göstərir.)

  19. Bitkilər arasında da zövciyyət, erkək-dişi bölgüsü var.