NUR TƏFSİRİ: Hud surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bilin ki, müxaliflər özlərini peyğəmbərdən gizləmək üçün baş və sinələrini bir-birinə yaxınlaşdırır, libaslarını başlarına çəkirlər. Allah onların bütün gizli və aşkar işlərini bilir. Həqiqətən, O, sinələrin dərinliyində olan sirlərdən agahdır.”
Nöqtələr
"Yəsnunə” dedikdə iki şeyi yaxınlaşdırmaq mənası anlaşılır. Qəlbdə kin saxlamaq da bu sözlə ifadə olunur. Beləcə, "yəsnunə sudurəhum” dedikdə, ya kafirlərin məxfi danışıq üçün bir-birinə yaxınlaşması, ya da qəlblərində peyğəmbərlərə kin saxlamaları başa düşülür.
"Nuh” surəsinin 7-ci ayəsində oxuyuruq: "Kafirlər barmaqlarını qulaqlarına tutur, libaslarını başlarına çəkirlər ki, peyğəmbərlərin nidasını eşitməsinlər.”
Məadı inkar edənlərin əsasən iki iradı var:
a) Hansı qüdrət ölüləri dirildə bilər? (Dördüncü ayə bu suala cavab verir: "Allah hər bir işə qadirdir.”)
b) Səpələnmiş zərrələr bir yerə necə toplana bilər? (Bu sualı 5-ci ayə cavablandırır: "Həqiqətən, O, sinələrin dərinliyindəki sirlərdən agahdır.”)
Bildirişlər
1. Qayıdışımız yalnız Allaha doğrudur.
2. Ötən ayələrdə tövhid və nübuvvət mövzuları, bu ayədə isə məad mövzusu bəyan olunur.
3. Tutaq ki, öz pis məqsədlərinizi peyğəmbərdən gizlədiniz. Axı Allah sinələrdəki sirlərdən agahdır!