NUR TƏFSİRİ: Hud surəsi / ayə 89
“(Şüeyb dedi: “Ey mənim qövmüm! Mənimlə düşmənçilik və müxalifət
sizi o işlərə sövq etməsin ki, Nuh, Hud, Saleh qövmü kimi (əzaba) düçar
olasınız. (Bilin ki,) Lut qövmü (onların başına gələn) sizdən uzaq deyil.”
Bildirişlər
1. Hətta müxaliflərlə də gözəl tərzdə danışaq.
2. Bir nəfərlə düşmənçiliyə xatir özümüzün və cəmiyyətin xoşbəxtliyi üçün
təhlükə yaratmayaq.
3. Bəşər qövmlərinin tarixi bir-birinə oxşardır. Onların təkrarlanması ibrət
dərsidir.
4. Keçmişdəkilərin acı taleyini zarafat və təsadüf saymayaq. (Həzrət Nuh, Hud,
Saleh və Lut Şüeybdən qabaq olmuşlar.)
5. Allah daim Öz əzabını nazil edə bilər. O, istənilən bir qövmü istənilən bir
şəkildə, istənilən bir məntəqədə, istənilən bir zamanda məhv etməyə qadirdir.
Necə ki, Nuh qövmü qərq oldu, Hud qövmü tufana düşdü, Saleh qövmü səmadan
enən səslə həlak edildi, Lut qövmü viranlığa düçar oldu.
6. İbrət üçün ən yaxşı tarix ən yaxın tarixdir. Şüeyb qövmü Lut qövmü ilə həm
məkan, həm də zaman baxımından yaxın idi.