NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 49
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Kitab (əməl naməsi) ortaya qoyular. Günahkarları bu naməyə görə qorxmuş görərsən və onlar deyərlər: "Vay olsun bizə, bu necə yazıdır ki, heç bir (söz və əməl) kiçik və böyük ötürülməyib və hesaba alınıb! Onlar öz əməllərini (qarşılarında) hazır görərlər və Rəbbləri kimsəyə sitəm qılmaz.”
Nöqtələr
Quran qiyamətə aid kitab, əməl naməsi ilə bağlı dəfələrlə söz açır: "Bizim mələklərimiz yazır.”;("İsra”, 13. ) "İşlərin əsərləri də yazılır.”("Təkvir”, 10. ); "Onların əməl namələri boyunlarından asılar.”("Casiyə”, 28. ); "Əməl namələri qiyamətdə açılar.”("Kafi”, c. 2, s. 288.)"Namələr fərdlərin əlinə verilər; yaxşıların əməl naməsi sağ, pislərin əməl naməsi sol əlinə verilər; hər fərdin əməl naməsi olduğu kimi, hər bir ümmətin də kitab və naməsi var.”("Təfsire-Əl-mizan”. )
Həzrət Peyğəmbər (s) Hüneyn döyüşündə qayıdarkən susuz bir səhrada dayandı. O öz səhabələrinə buyurdu: ”Dolanın və ətrafdakı çör-çöpü bir yerə yığın.” Səhabələr getdilər və hərə bir qədər çör-çöp gətirdi. Onlar gətirdiklərini üst-üstə qalaqladılar. Həzrət Peyğəmbər (s) buyurdu: ”Günahlar bu sayaq cəm olur, kiçik günahlardan çəkinin.”("Tur”, 26. )
Uyğun proqramdan anlamaq olar ki, Allahın rəsulu (s) öz yoldaşlarının boş vaxtını doldurmaqla yanaşı döyüşdən sonrakı qürurun qarşısını almaq üçün müəyyən bəyanatlar verirdi. Belə məqamlarda səhabələr özlərini ya günahsız, ya da qismən günahkar sayırdılar.
İmam Sadiq (ə) buyurur: "Qiyamət günü əməl naməsi insana verilən vaxt insan bu naməyə nəzər salıb, xırdalı-böyüklü bütün hərəkət və rəftarlarının qeyd olunduğunu görür. Ona elə gəlir ki, bütün bu işlər azca əvvəl baş vermişdir. Ona görə də "vay olsun mənə” deyir.” ("Təfsire-Nurus-səqəleyn”, c. 3, s. 268. )
Dünyada biganə ömür sürüb, istənilən yola qədəm atanlar axirətdə peşman olur. Dünya həyatında vəzifəsini yerinə yetirib Allahdan qorxan möminlər isə axirətdə asudədirlər.("Naziat”, 5. )
Bildirişlər
1. Qiyamətdə həm fərdlərin əməl naməsi onların əlinə verilər, həm də qarşılarında kitab qoyular.
2. Günahkarları narahat edən və qorxudan Allah yox, onların qeyd olunmuş əməlləridir.
3. Qiyamət günahkarlar üçün həsrət və əfsus günüdür.
4. İnsanlar qiyamətdə öz əməllərindən hər biri savadlı imiş kimi xəbər tutarlar. Həmin məqamda hamı oxumağı bacarar.
5. İnsanın əməllərinin dərəcələri var.
6. Qiyamət əməllərin təcəssüm səhnəsidir.
7. Ədalətli olmaq və zülmə yol verməmək ilahi rübubiyyət şərtidir.