NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Rəbbinin ayələri ilə xəbərdar edildikdən sonra onlardan üz döndərən, öz keçmiş əməllərini unudan kəsdən sitəmkar kimdir?! Əlbəttə, Quran ayələrini anlamasınlar deyə Biz onların qəlblərinə pərdələr çəkdik, doğru yola çağırıldıqları vaxt yola gəlməsinlər deyə qulaqlarında ağırlıq qərar verdik.”
Nöqtələr
"Təzəkkür” dedikdə insanın ruhunun dərinliyində Allahı tapdığı halda Ondan qəflətdə qalması rəmzi anlaşılır. "Təzəkkür”, yəni xəbərdarlıq, xatırlatma qəflət pərdəsini aradan götürmək üçündür. Həzrət Əli (ə) Peyğəmbərin (s) vəsfində buyurur: "Peyğəmbərin besətinin məqsədi budur ki, xalqa unutduqlarına vəfa qılmaq xatırladılsın.”(Əllamə Şərani "Təfsire-Əbül-Fütuh kitabının haşiyəsində bu yerin Şam və Fələstində olduğunu bildirir. )
"Əkinnə” dedikdə pərdələr və örtüklər mənası başa düşülür.
Bildirişlər
1. İlahi ayələrə etinasızlıq və diqqətsizlik ən böyük zülmdür.
2. Pis əməllərin xatırlanması tövbə və üzrxahlıq üçün zəmin yaradır. Əksinə, pis işlərə diqqətsizlik ruhun zülmətə bürünməsi səbəbi və bütün bədbəxtliklərin açarıdır.
3. İlahi ayələrə diqqətsizliyin, istehzanın və günahlardan xəbərsizliyin cəzası həqiqətlərin dərkindən məhrumluqdur.
4. İlahi əzab təkcə qiyamətə aid deyil. Dərketmə gücünün alınması da bir əzabdır.
5. Xalqın hidayəti, doğru yola yönəldilməsi üçün təkcə dəlil bəs etmir. Qarşı tərəfin qəbul ruhiyyəsi də şərtdir.
6. Yumşaq qəlb və eşidən qulaq hidayət yoludur. Bu iki səciyyə olmadıqda hətta peyğəmbərlərin də sözü cavabsız qalır.