NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 66
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Musa ona (Xızra) dedi: «Kamal üçün sənə öyrədilənləri mənə öyrədəsən deyə ardınca gəlimmi?»”
Nöqtələr
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Musa Xızrla görüşdüyü vaxt bir quş dəryadan dimdiyinə su alıb sonra yerə atdı. Xızr Musaya dedi: "Quşun bu işinin nə demək olduğunu bildinmi? O bizə anladır ki, Allahın elmi ilə müqayisədə bizim elmimiz dərya ilə müqayisədə bu damla kimidir.”(Təfsiri-Təbəri” ; "Təfsire-Əbül-Futuh. )
Bu qısa ayələrdə ustada münasibətdə ədəb və təvazödən danışan çoxsaylı nöqtələr var. O cümlədən: Musa şagirdliyə icazə ilə başladı; özünü ustada ardıcıl kimi tanıtdırdı; Xızrı ustad kimi qəbul etdi; özünü ustadın elmlərindən bir hissəsinin şagirdi saydı; ustadın elmini qeyblə əlaqəli bildi; ustadın elmini təsirli saydı; "Allah sənə öyrətdiyi kimi sən də mənə öyrət”, dedi; itaətsizlik etməyəcəyini vəd etdi; ustadın iş və sözlərini əmr saydı; gələcəklə bağlı vəd verməyib "inşaəllah” söylədi.
Bildirişlər
1. Elm əldə etmək üçün ustad qarşısında ədəbli və təvazökar olmaq lazımdır.
2. Alimlər və ustadlar qarşısında təvazö peyğəmbər əxlaqındandır.
3. Elm və bilik aşiqi olan insan səy göstərir.
4. Alimlə birlikdə səfərə çıxmaq, elm əldə etmək yolunda çətinliklərə dözmək dəyərli işdir.
5. Elm sorağında olan insanın məqsədi olmalıdır və şəxsiyyət güdməməlidir.
6. İlahi işlər bəzən möcüzə yolu ilə həyata keçsə də, əsas qanun işlərin təbii yolla gerçəkləşməsidir. Musa hikmət öyrənmək üçün şagirdlik etməli oldu.
7. Ülul-əzm peyğəmbərlər də elm və bilik əldə etmək üçün çalışmışlar.
8. Həzrət Xızr peyğəmbər idi və Allah tərəfindən «lədunni» elm almışdır.
9. Təkamül yolunu keçmək və xüsusi ilahi maarifə çatmaq üçün müəllim və bələdçiyə ehtiyac var.
10. Peyğəmbərlərin elmi məhduddur və arta bilər.
11. Elm və kamaldan bəhrələnməkdə peyğəmbərlərin mərtəbələri fərqlidir.
12. Elm və kamalın bütün mərtəbələrinə yiyələnmək peyğəmbərlik şərti deyil.
13. İlahi maarif və elmlərdən xəbərdarlıq insan kamilliyinin təminatçısıdır.
14. Elm öz-özlüyündə məqsəd deyil. O inkişaf mayası olmalı, insanı saleh əmələ sövq etməli, onu qürurdan çəkindirib, təvazökarlığa aparmalıdır.("Məhəccətul-beyza”; "Təfsire-Əbul-Futuh”. )