Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 79-cu Ayə

Surə 18
Ayə 79

Azərbaycan dilində tərcümə

Gəmiyə gəldikdə: O, dənizdə işləyən yoxsulların idi. Mən onu nöqsanlı etmək istədim, çünki onların yolunun üstündə bütün (salamat) gəmiləri zorla ələ keçirən bir padşah var idi.
Əl-Kəhf ‏ surəsi , 79-cu ayə
Əl-Kəhf ‏ surəsi 79-cu ayə
Tam Surə

Əl-Kəhf ‏ surəsi 79-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 79

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Amma həmin (deşilmiş) gəmi dənizdə işləyən yoxsulların idi. Onu nöqsanlı etmək istədim. Çünki onların yaxınlığında bütün salamat gəmiləri zorla ələ keçirən bir padşah vardı.”
Nöqtələr
"Vəra” dedikdə hər hansı məxfi, gizli yer nəzərdə tutulur. Belə bir yer insanın həm qarşısında, həm də arxasında ola bilər.
İnsan adətən, işlərin zahiri çöhrəsini müşahidə edir. Amma işin batini çöhrəsi də ola bilər. Musa zahiri baxımdan Xızrın işlərini düzgün saymırdı. Amma Xızrın işlərinin batini sirri, rəmzi və mahiyyəti vardı.
Xızr gəmini suya batacaq həddə dəlməmişdi. Onun məqsədi gəmini zahirən eybli göstərmək idi. Bəzən müşahidə etdiyimiz nöqsanlar faydalı olur.
Bəzən şikəstlikdən düzəlir işlər
Mərhəmət doğurur axsaq yerişlər.
Gəminin dəlinməsində məqsəd onun sitəmkar padşahın əlinə düşməməsi idi. Padşah gəmini ələ keçirsəydi, gəminin yoxsul sahibləri çarəsiz qalardı. Pisliyi pisliklə aradan qaldırmaq hamının işi deyil, "əhəmm və mühüm” prinsipindən həqiqi dinşünaslar faydalana bilər.
Əhli-beyt məsumları bəzən öz yaxınlarını başqalarının hüzurunda məzəmmət edərdilər. Belə bir rəftar sitəmkar hökumətin diqqətini yayındırırdı və rabitələr gizli qalırdı. İmam Sadiq (ə) Zürarəni abbasilərin işkəncəsindən qurtarmaq üçün aşkar şəkildə danlayır, sonra ona bildirirdi ki, məqsədi Zürarənin canını qorumaqdır. Sonra imam bu ayəni tilavət edib buyurmuşdur: "Sən bu dəryanın zalım hakimlər tərəfindən izlənilən ən yaxşı gəmisisən.”("Bihar”, c. 3, s. 282. )
Yalnız zahir mərhələsini adlayanlar sirlər dünyasına qədəm qoyub əşyaların batinindən xəbər tuturlar. Necə ki, Musa şəriəti bilirdi və ona əməl edirdi. Amma Xızrla yoldaşlıqdan sonra batini sirlərdən də xəbər tutdu.
Bildirişlər
1. Təhsil yolunda nizamlı olmaq mühümdür. İlkin sual gəminin zədələnməsi ilə bağlı idi və öncə bu sual cavablandırıldı.
2. Deyilməyən sirlər bir gün aşkarlanar.
3. Hikmətdən faydalanan şəxs heç vaxt boş iş görməz, onun əməlləri hikmət və məsləhətə əsaslanar.
Xızr qırdısa da gəmini, bil sən,
Üstündür bu qırma yüz düzəlmişdən.
4. Məsullar məhrumların hüquq və mal-mülkünü hifz etməlidirlər.
5. Allahın övliyaları miskinlərə və məhrumlara canıyanandırlar.
6. Sərmayə və işi olduğu halda ehtiyacını ödəyə bilməyənləri Quran miskin sayır.
7. Sərmayə və işdə şəriklik qanunidir və ötən dinlərdə də təsbit olunmuşdur.
8. Qəsbkar hakimlər xalqın malına nəzarətdən məhrum edilməlidirlər.
9. Pisliyi pisliklə aradan qaldırmaq caizdir və "əhəmm və mühümm” prinsipinə riayət etmək lazımdır.
10. Zalım hakimlər aza razı olmur, fəqirlərin cüzi sərmayəsinə də göz dikirlər.
11. Xızr Allahın əmrini yerinə yetirsə də, ədəbi gözləyərək gəminin dəlinməsini özünə aid etdi.
12. Peyğəmbərlərin işi adətən, zahiri qanunlara əsaslanır. Xızr isə gerçəklik əsasında hərəkət etməyə vəzifəli idi.