NUR TƏFSİRİ: Əl-Kəhf surəsi / ayə 82
MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Amma o divar həmin şəhərdəki iki yetim gəncin idi. Onun altında həmin iki nəfər üçün xəzinə vardı. Rəbbin istədi ki, həmin iki nəfər yetkinlik həddinə çatdıqdan sonra Rəblərinin onlara mərhəməti olan xəzinəni çıxarsınlar. Mən bu işləri özbaşına görmədim. Sənin dözə bilmədiyin işlərin sirri bu idi.”
Nöqtələr
Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur: "Bu xəzinə qızıl vərəqə yazılmış hikmətli sözlərdən ibarət idi. Yazının məzmunu belə idi: Allahın təqdirinə iman gətirdiyi halda qəmlənən kəs təəccüb doğurur! Ölümə əmin olduğu halda şadlanan kəs təəccüb doğrurur! Ruziyə inandığı halda özünü artıq zəhmətə salan kəs təəccüb doğurur! Dünyanın aradan gedəcəyini bildiyi halda ona güvənən kəs təəccüb doğurur!”("Təfsire-Nurus-səqəleyn”. )
Hədislərə əsasən Allahın lütf və rəhməti təkcə oğul-qıza yox, bütün sonrakı nəslə təsirlidir. Ata-babaların saleh əməli Allahın növbəti nəsillərə lütfü ilə nəticələnir.("Təfsire-Nurus-səqəleyn”. )
İmam Sadiq (ə) buyurur: "Allah Musaya vəhy etdi: "Mən övladlara atalarının yaxşılığına görə mükafat verərəm.” Sonra buyurur: "Əgər xalqın namusuna xəyanət etsəniz, sizin namusunuza xəyanət olunar.”("Təfsire-Nurus-səqəleyn”. "Kəmalud-dini-Səduq”. )
Bir məqamda valideynin imanını hifz etmək xatirinə övlad öldürülür. Digər bir məqamda atanın saleh əməli səbəbindən peyğəmbər fəhləlik edir ki, övladlar sərmayə əldə etsinlər.
Bəziləri Müaviyə ilə sülh etdiyi üçün imam Həsənə (ə) etiraz etdikdə həzrət buyurdu: ”Bilmirsinizmi ki, Xızr məsləhət olduğu üçün gəmi dəldi, bir gənci öldürdü və onun gördüyü işlər Musanı qəzəbləndirdi?! Ey insanlar, əgər sülhü qəbul etməsəydim, yer üzünün bütün şiələri məhv olardı.”("Təfsire-Nurus-səqəleyn”. )
"Qəryə” və "mədinə” sözləri eyni mənanı bildirir. (Tədqiqatçılardan biri bildirir ki, kənd, şəhər, abadlıq mənasını bildirən "qəryə” və "mədinə” sözlərini araşdırsaq, belə bir nəticə alarıq: Hidayət nuru olan hallarda "mədinə”, hidayət nuru olmayan hallarda "qəryə” sözü işlədilmişdir.)
"Əşudd” sözü "şiddət” sözünün cəm formasıdır. "Yəbluğa əşuddəhuma”, yəni "onlar bütün yetkinliklərinə çatanadək” mənasını bildirir.
Bildirişlər
1. Qeyri-yetkin uşaq da mülk sahibi ola bilər. Amma bu uşaq yalnız yetkinliyə çatdıqdan sonra həmin mülkü sərf etmək ixtiyarı qazanır.
2. Övladlar üçün ehtiyat sərvət toplamaq caizdir. Amma infaq etmədən qızıl toplamaq qadağandır.
3. Yetimlərin malını hifz etmək vacibdir.
4. Atanın yaxşı işləri övladların taleyinə təsir göstərir.
5. Xızr peyğəmbər olmuşdur.
6. Bəzi hadisələrin dərin təhlil və təfsirə ehtiyacı var və bu hadisələr insanın təkamülü üçündür. Ayədəki mərhələlər Musa üçün inkişaf mərhələləri idi.
7. Allah qarşısında ədəbli danışmaq lazımdır. Həzrət Xızr hətta zahiri baxımdan nöqsan sayılan işləri Allaha yox, özünə aid edirdi.
8. Allah övliyalarının iradəsi Allahın iradəsidir.