Əsas məzmuna keç

Əl-Kəhf ‏ surəsi - 83-cü Ayə

Surə 18
Ayə 83

Azərbaycan dilində tərcümə

(Ya Peyğəmbər!) Səndən Zülqərneyn barəsində soruşurlar, de: «Tezliklə sizin üçün onun barəsində (Qur’andan) ayələr oxuyacağam.»
Tam Surə

Əl-Kəhf ‏ surəsi 83-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Kəhf ‏ surəsi / ayə 83

MÖHSÜN QƏRAƏTİ
26.03.2026
"Səndən Zül-Qərneyn haqqında soruşarlar. De ki, tezliklə sizə onun haqqında danışacağam.”
Nöqtələr
"Qərn” sözünün iki mənası var: Uzun dövr və heyvan buynuzu. Zül-Qərneynin bu sayaq adlandırılmasının səbəbi ya onun uzun müddətli hakimiyyəti, ya da dəbilqəsinin üzərində iki buynuz olması ola bilər. "Qərneyn” dedikdə şərq və qərb nəzərdə tutula bilər. (Ərəblər şərq və qərbi günəşin iki buynuzu saymışlar.) Ola bilsin ki, Zül-Qərneyn bütün şərq və qərbə hakim olduğundan belə adlandırılmışdır.
İmam Baqir (ə) buyurur: "Zül-Qərneyn peyğəmbər olmamışdır. Amma bu saleh şəxsi Allah sevirdi. O öz qövmünü təqvaya çağırırdı. Bir dəfə başından zərbə alan Zül-Qərneyn müəyyən müddət gözə dəymir. Sonradan qayıdıb yenidən xalqı təqvaya dəvət edir. Bu dəfə ikinci zərbəni alır.” Bu məqamda imam buyurur: "Sizin aranızda da bu xüsusiyyətlərə malik şəxs var.”("Təfsire-Nurus-səqəleyn”. ) Ola bilsin ki, bu şəxs həmin iki zərbəyə xatir Zül-Qərneyn kimi tanınmışdır.
"Təfsire-nümunə” əsərində bəzi əsaslarla Zül-Qərneynin əslində Kuroş olduğu bildirilir. Əsər müəllifləri yunan tarixçilərinin bəzi məlumatlarına, tövratın müəyyən bəyanatlarına və Kuroşun miladi XІX əsrdə tapılmış iki buynuzlu mücəssəməsinə əsaslanırlar. Amma mərhum Şuərani "Əbul-Futuh” təfsirinin haşiyəsində bildirir ki, Zül-Qərneyn 13 yaşından Ərəstunun şagirdi olmuş Makedoniyalı İsgəndərdir. Amma "Əl-mizan” təfsirində də Kuroş ehtimalına üstünlük verilir.
Əslində Zül-Qərneyn neçə il hakimiyyətdə olması, onun həqiqi adı, neçə il ömür sürməsi, insan və ya mələk olması, peyğəmbər və ya saleh qul olması, İsgəndər və ya Kuroş olması, nə üçün Zül-Qərneyn adlandırılması, hakimiyyət hüdudları, tikdiyi səddin uzunluğu və hündürlüyü, bu səddin Çin səddi olub olmaması cüzi məsələlərdir və bir o qədər də faydalı deyil. İnsanın təkamülündə hadisələrin xırdalıqları+ yox, məqsədləri rol oynayır.
Bildirişlər
1. Xalq öz sualları ilə peyğəmbərlərə müraciət edir və cavab alırdı.
2. Rəhbər və din təbliğatçısı tarix və mühüm tarixi hadisələrlə tanış olmalıdır. Xalq rəhbərə müxtəlif suallarla müraciət edir. Necə ki, bəzi ayələrdə peyğəmbərdən ruh haqqında soruşulur.
3. Xalqın yerli və məntiqi suallarını cavabsız buraxmayaq.
4. Suallara tələsik cavab verməyək.
5. Tarix və onun takrarlanması yalnız xatırlatma və ibrət məqsədi ilə dəyərlidir.
6. Xalqın sualları bəzi ayələrin nazil olması üçün zəmindir.