NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 95
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Heç bir üzr olmadan cihaddan geri çəkilən möminlər öz malı və canı ilə Allah yolunda cihad edən mücahidlərlə eyni deyil. Allah malı və canı ilə cihad edənləri (döyüşdən) geri oturanlardan bir dərəcə üstün etmişdir. Allah bütün möminlərə daha yaxşı vəd vermişdir. Amma Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün qərar vermişdir.”
Nöqtələr
Cihad cəbhəsinə getməyənlər bir neçə dəstədir:
İmansız münafiqlər, qorxaq müsəlmanlar, rifahtələblər, şəkkaklar, himmətsizlər. Cəbhədən çəkinənlərin bir qismi deyir: "Biz malımız, sözümüz, qələmimiz, duamızla mücahidləri himayə edirik.” Onlar cihadı hamıya vacib saymırlar. Ayə son qrup haqqında bəyanatla başa çatır və onlar tənqid olunurlar. Çünki digər qruplar başqa məqamlarda, çoxsaylı bəyanatlarla şiddətlə tənqid olunmuşlar. Onların heç bir dərəcəsi yoxdur ki, mücahidlər onlardan bir dərəcə üstün olalar.
Rəvayətdə deyilir ki, xəstəlik səbəbindən savaşa qatılmayanlar, amma qəlbləri mücahidlərlə döyünənlər cihadda onlarla bərabər savaba malikdirlər.("Təfsire-Safi”. )
Ayə "kifayi” vacib əmələ aiddir.”(Kifayi vacib əməl odur ki, bir qismin həmin işə qatılması ilə ehtiyac aradan qaldırılsın və qalan hissənin bu işə qatılmasına ehtiyac qalmasın.) Əgər cihad "eyni” vacib (hamıya vacib) olsaydı, bu işə qatılmayanlar xilafkar kimi tanıtdırılardı.
Bildirişlər
1. Təbliğ və təşviq üsulu mərhələli olmalıdır.
2. Hər insanla onun öz dilində danışılmalıdır. Quran cəbhəyə getməyən möminlər, münafiqlər, qorxaqlar və rifahtələblərlə fərqli davranır. "Qaidun” sözü ilə yalnız cəbhəyə getməmiş möminlər yad edilir.
3. Fiziki problemi olanlar cəbhədən azaddırlar.
4. Malla cihad canla cihadla yanaşı zikr olunur. Çünki cəbhə iqtisadi dayaqsız zəif olur.
5. Xalqın könüllü yardımları cəbhə büdcəsinin təmin mənbələrindəndir.
6. Xalqın inamsızlığı təhlükə yaratdıqda israr və təkrar zəruridir. Bu və bundan sonrakı ayədə "fəzlüllah”, "dərəcətən” sözləri təkrarlanmışdır.
7. Hər bir insanın xidməti və səyi möhtərəmdir. Bir dəstənin cəbhədə iştirak etməsi başqalarının işini dəyərdən salmamalıdır. Mücahidlərin üstünlüyü şübhə doğurmur, amma başqalarının da xidməti inkar olunmamalıdır.
8. İnsan istənilən bir mövqe, məqam və xidmətdə olarkən xalis mücahidlərin məqamca üstünlüyünü unutmamalıdır.
9. Əgər Allah mücahidləri fəzilətli saymışsa, cəmiyyətdə mücahidlər və şəhidlər üçün imtiyazlar nəzərdə tutulmalıdır. Əlbəttə ki, bu imtiyazlar mücahidləri yersiz tələblərə sövq etdirməməlidir.