NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yeri döşəyən, onda dağlar və çaylar qərar verən, hər meyvədən cüt (erkək-dişi) halda müəyyənləşdirən Allah Odur. O, gündüzü gecə ilə örtər. Şübhəsiz, bu işdə düşünən insan üçün nişanələr var.”
Nöqtələr
Ötən ayə səmalar haqqında idi. Bu ayə isə yer və onun nemətləri haqqındadır.
"Rəvasiyə” "rasiyə” sözünün cəm forması olub sübut mənasını bildirir. Bu səbəbdən də sabit və möhkəm dağlara "rəvasi” deyilmişdir. İstər "zövc”, istərsə də "zövcan” sözləri erkək və dişi mənasında işlənilir.
Təbiətşünas alim Linney 18-ci əsrdə bitkilərin arasındakı "zövciyyət” qanununu”, yəni bitkilərin erkək-dişi olmasını kəşf etmişdir. Amma İslam 1400 il öncə həmin məsələni açıqlamışdır. Əlbəttə ki, insanlar hələ keçmişdə xurma kimi bitkilərin erkək-dişi olmasını bilirdi. Bütün bitki aləmində belə bir cütlüyün mövcudluğu isə ilk dəfə Quran tərəfindən elan olundu.
Bitkilərdə erkək və dişi bəzən bir ağac və ya bir çiçəkdə, bəzən isə iki ağac və ya iki çiçəkdə olur.
"Məddəl-ərzə” dedikdə olsun ki, torpağın su altından çıxması nəzərdə tutulur. Rəvayətlərdə bu məsələ "dəhvəl-ərz” adı ilə yada salınır. Bu ehtimal müasir dövrün elmi müddəalarına uyğundur. Torpaqla bağlı hazırkı elmi tədqiqatlar yerin öncə su altında olduğunu bildirir.
Varlıq nizamı zövciyyət (cütlük) prinsipinə əsaslanır: bitkilərdə zövciyyət; heyvanlarda zövciyyət; insanda zövciyyət; hər şeydə zövciyyət.
Bildirişlər
1. Yer hikmət və tədbir əsasında döşənmişdir. (Yerin genişliyi, onun üzərində dağların mövcudluğu tarazlığı saxlamış və insanların bəhrələnməsi üçün amil olmuşdur. Əgər bütün yer üzü hamar və ya dağlıq olsaydı, yaşamaq üçün şərait qalmazdı.)
2. Dağlar su ehtiyatı mənbəyi, çaylar suyun paylanma vasitəsidir. Həm dağlar, həm də çaylar insanların yer üzündə yaşaya bilməsi üçün zəmin yaradır.
3. Gecə və gündüzün ardıcıllığı və bir-birini əvəz etməsi həyat amilidir. (Əks təqdirdə ya yer üzü od tutub yanar, ya da soyuqdan donardı.)
4. Təbiət aləmi yataq otağı yox, dərs sinfidir.