NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yəhudilər deyirdilər: "Üzeyir Allahın oğludur.” Məsihilər isə deyir: "Məsih (İsa) Allahın oğludur.” Onların ağızlarına aldıqları bu sözlər öncə kafir olanların sözlərinə oxşayır. (Onlar deyirdilər: "Mələklər Allahın qızlarıdır”) Onları Allah öldürsün! Necə də üz döndərirlər!”
Nöqtələr
"Üzeyir” "Əzra” sözünün ərəbləşmiş formasıdır. Necə ki, "İsa” "Yəsu”, "Yəhya” "Yuhanna” sözündən düzəlmişdir.
Üzeyir böyük yəhudi alimlərindən idi. Ona "yəhudilərin xilaskarı” ləqəbi verilmişdi. Çünki Büxtün-Nəsr tərəfindən xalqın qırğını və məbədlərin xaraba qoyulub, Tövratın yandırılmasından, qadınların əsir götürülüb Kuvroş tərəfindən Babilin fəth edilməsindən sonra Üzeyir Kuvroşun yanına gəlib yəhudilərə himayə istədi.
Bu ayə "kitab əhli Allaha və qiyamətə iman gətirməmişdir” ayəsini bir növ izah edir.
Tədqiqatçıların nəzərincə, Tövrat və İncil Budda, Brahma və yunan xurafatları ilə qatışdırılmışdır. İncildəki bir çox əhvalatlar eynən budda və Brahma məzhəblərində mövcuddur. Bu günkü yəhudilər Üzeyiri Allahın oğlu saymasalar da, İslam peyğəmbərinin dövründə belə bir etiqad vardı. Məhz bu inanclarına xatir həzrət Peyğəmbər (s) onlardan soruşmuşdu: "Musanın məqamı daha üstün olduğu halda nə üçün onu Allahın oğlu saymırsınız?” Təbii ki, onlar bu suala cavab tapmamışdılar.
Bildirişlər
1. Yəhudilərdən bir dəstəsi Üzeyiri Allahın oğlu saydığı və digər bir dəstənin də onların bu işi müqabilində susduğu üçün uyğun büdrəmə onların hamısına aid edilir.
2. Dini və ilahi şəxsiyyətlər haqqında uydurma yolverilməzdir.
3. Yəhudilərin və məsihilərin əqidələri xurafatla qarışmışdır.
4. Müşriklər bütləri Allahın şəriki, mələkləri Onun qızları sayırdılar. Yəhudilər və məsihilər isə Üzeyir və İsanı Allahın oğlu kimi qəbul edirdilər. Bu baxımdan onların sözləri kafirlərin sözlərinə oxşayırdı.
5. Yəhudi və məsihi dinlərindəki xurafatın kökü qədim kafirlərin əqidəsindəndir.