Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 34-cü Ayə

Surə 9
Ayə 34

Azərbaycan dilində tərcümə

Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.
Ət-Tövbə surəsi , 34-cü ayə
Ət-Tövbə surəsi 34-cü ayə
Tam Surə

Ət-Tövbə surəsi 34-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 34

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Bir çox alimlər və rahiblər (öz məqamlarından istifadə edərək) xalqın malını nahaqdan yeyir, onları Allah yolundan uzaqlaşdırırlar. Qızıl-gümüş yığıb, onu Allah yolunda infaq etməyənləri dərdli əzabla müjdələ!”
Nöqtələr
Otuz birinci ayədə "Əhbar” və "röhban” sözlərinin mənası açıqlandı.
"Zəhəbə” "getdi” mənasını bildirir. Qızıl tez əldən çıxdığından və ya xalq ona tərəf getdiyindən "zəhəb” adlandırılmışdır. "Fizzə” "paylanma”, "dağılma” mənalarını bildirir. Gümüş tez bir zamanda dağıldığından və ya xalq ona cəzb olunmadığından "fizzə” adlandırılır.
Yəhudi alimləri öz maddi mənafelərinə xatir haqqı gizlədir, İslam dininin haqq olmasını etiraf etmir, rüşvət alıb günah bağışlayır, əqidələrdə təftiş aparıb böhtan atırdılar.
Üçüncü xəlifə ayədə "vəlləzinə” sözünü "əlləzinə” şəklinə salmaq istəmişdir. Bu sözün önündən "vav” hərfi götürüldükdə ayədəki sifətlər yalnız qızıl toplayan əhbar və rahiblərə aid olur. Amma bir qrup müsəlman xəlifənin bu işinə ciddi şəkildə etiraz bildirdi. 
Rəvayətlərdə zəkat məsələsi
İmam Sadiqdən (ə) soruşdular: "Hansı miqdar mala zəkat vacibdir?” Həzrət buyurdu: "Zahiri zəkat, yoxsa batini zəkat?” Dedilər: "Hər ikisi.” Həzrət əvvəlcə zahiri zəkat üçün ölçü hədlərindən danışdı, sonra isə batini zəkat məsələsinə keçərək buyurdu: "Din qardaşının səndən daha çox ehtiyac duyduğu şeyi ona verəsən.” 
Digər bir rəvayətdə imam buyurur: "Allah sizə artıq mal əta edib ki, xəzinəyə yığmayıb, Onun razılığı yolunda xərcləyəsiniz.” 
Rəvayətlərə əsasən, imam Mehdi (ə) zühur etdiyi vaxt xəzinə saxlamağı haram buyurub, bütün xəzinələri öz mübarizəsi yolunda sərf edər.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Allah varlı müsəlmanların malından fəqirlərin ehtiyacını ödəyəcək qədər zəkat vacib etmişdir. Agah ol! Həqiqətən, əgər vəzifələrinə əməl etməsələr, Allah onlarla ciddi hesab çəkəcək.” 
Həzrət Peyğəmbər (s) başqa bir məqamda buyurur: "Zəkatı ödənməyən hər bir mal aşkarda saxlansa da, qızıl-gümüş olmasa da, "kənz” (haram xəzinə) hökmündədir.” 
Əbuzər və "Kənz” ayəsi
Həzrət Peyğəmbərin (s) böyük səhabəsi Əbuzər Qəffari Müaviyə, Osman və onların nümayəndələrinin qızıl-gümüş toplamasına etiraz edərək hər vaxt haqqında danışılan ayəni uca səslə oxuyardı. O bu ayəni Müaviyə və Osmanın nəzərinə çatdırıb deyirdi: "Bu ayə təkcə zəkata maneçilik haqqında yox, istənilən növ qızıl-gümüş toplamaq haqqındadır.”
Qiymətli "Əl-mizan” təfsirində bildirilir ki, Əbuzərin Osman, Müaviyə və Kəbül-Əhbarla rəftarından anlaşılır ki, yoxsul cəmiyyətdə hətta halal yolla, zəkatını ödəməklə sərvət toplamaq haramdır.
Bəziləri belə düşünürlər ki, Əbuzər bu hökmü özündən vermişdir. Əbuzər isə bu barədə belə deyir: "Dediklərimi Peyğəmbərdən (s) eşitmişəm.” Bunu da qeyd etməliyik ki, Əbuzərin sadiqliyi həzrət Peyğəmbər (s) tərəfindən qeyd olunmuşdur.
Əbuzərin öz dövrünün hakimlərinə əmr və nəhy etməsi, büdcə məsələləri barədə Osmanla çəkişmələri onun həyatının parlaq səhifələrindəndir.
Amma Osman Əbuzərin bu hərəkətlərinə dözməyib sevimli Peyğəmbər (s) səhabəsini Şama sürgün etdi. Müaviyə Şamda Əbuzərin çıxışlarına dözməyib onun ağır vəziyyətdə Mədinəyə qaytarılmasına nail oldu. İnqilabçı səhabə növbəti dəfə susuz Rəbəzə çölünə sürgün olundu və həmin yerdə məzlumcasına dünyasını dəyişdi. Bu həqiqətlər Osman hökumətinin həqiqi simasını göstərir.
Osmanın müdafiəçiləri ona bəraət qazandırmaq üçün Əbuzərə qarşı bir sıra əsassız ittihamlar irəli sürmüşlər. Belə ki, onlar Əbuzəri sosialist düşüncə tərzinə görə qınamış, xüsusi mülkiyyətə düşmən saymışlar. Amma böyük alim əllamə Əmini öz "Əl-qədir” kitabında bu barədə ətraflı danışaraq həmin ittihamları rədd edir. 
Əbuzərin hökumətlə qarşıdurmalara görə ardıcıl şəkildə sürgün edilməsi, onun Osmana, Müaviyəyə, Kəbul-Əhbara tuşlanmış tənqidləri şiə və sünnilərin tarix kitablarında öz əksini tapmışdır.  Bəziləri cəhd göstərirlər ki, Əbuzərlə Osman arasındakı münaqişələri söz və əqidə azadlığı kimi qələmə versinlər. Onlar Əbuzərin sürgün olunmasına haqq qazandırmaq üçün "şərin dəfi mənfəət qazanmaqdan üstündür” prinsipini önə çəkirlər. Onlar Əbuzərin Mədinə və Şamdakı çıxışlarını şər kimi təqdim edir və onun sürgününü məqsədəuyğun sayırlar.  Amma Peyğəmbərin (s) yalnız öz vəzifəsinə əməl etmək fikrində olan sədaqətli və təqvalı səhabəsi ilə bu sayaq rəftara heç bir don geyindirmək mümkün deyil.
Bildirişlər
1. Kitab əhli alimlərini istisnasız olaraq pis saymaq olmaz. 
2. Vəzifədən sui-istifadə haramdır. Din alimləri üçün ən böyük təhlükə maddiyyatla bağlıdır. (İxtiyarında dini büdcə olan və onu lazımi istiqamətlərdə xərcləməyən kəs bu ayənin hədəfidir.)
3. Din alimlərinin xalqın sərvətindən faydalanıb onlara xeyir verməməsi dinə qarşı rəğbətsizlik yaradır.
4. Yəhudi və məsihi alimləri dünya malı tamahı ilə xalqı haqq yoldan azdırırlar.
5. İslam var-dövlətə məhdudiyyət qoymur. Amma var-dövlətin əldə olunması yolunda şərtlər vardır. Qızıl toplamaq və sərvəti pis yolda xərcləmək haramdır. (Şübhəsiz ki, qızıl toplamaq haramdırsa, möhtəkirlik də haramdır.)
6. Var-dövlət yığmaq ictimai bir bəladır. Xəsislik bundan da pis, möhtəkirlik və var-dövləti pisləmək daha pisdir. Bütün bu hallar cəmiyyət üçün xeyli problem yaradır.
7. Alimlərin dünyapərəstliyi və varlıların xəzinə toplaması ilahi qəzəbə səbəb olur.
8. Qızıl-gümüş, pul toplamaq, infaq etməmək və möhtəkirlik kəbirə (böyük) günahdır. Bu işlərə görə əzab vəd edilmişdir.