NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər (döyüş meydanına) tələsməsəniz, Allah sizi ağrılı əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz (cəbhəni tərk etməklə) Allaha zərər vurmursunuz. Allah hər şeyə qadirdir.”
Nöqtələr
Bu və bundan öncəki ayələrdə səkkiz yolla cihad məsələsi üzərində dayanıldı: Əgər iman əhlisinizsə nə üçün süstsünüz; məzəmmətlə müşayiət olunan sual; cihad Allah yoludur; hərəkət göstərişi; əzabla hədələmə; yerdəyişmə ilə hədələmə; siz tərəfdən cəbhənin tərk olunmasının təsirsizliyi ilə hədələmə; ilahi qüdrətlə hədələmə.
Bildirişlər
1. Cəbhəni tərk etməyin cəzası həm dünya əzabı, həm də axirət cəzasıdır.
2. Allah üçün bizi başqaları ilə əvəz etmək asandır. O istədiyi vaxt bu işi görə bilər.
3. Süstlüyümüzdən Allah yox, özümüz əziyyət çəkəsiyik.
4. Zəif qövmün yerinə başqa bir qövm gətirmək ilahi bir sünnədir.
5. Bir qövmün başqası ilə əvəz olunması ilahi qüdrət sayəsində baş tutur.
6. Sonsuz qüdrəti olan kəs heç vaxt zərər görməz.