NUR TƏFSİRİ: Yusif surəsi / ayə 4
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"O zaman ki, Yusuf öz atasına dedi: "Ey ata! Həqiqətən, mən (yuxuda) günəş və ayla on biri ulduz gördüm. Gördüm ki, onlar qarşımda səcdə edir.”
Nöqtələr
Həzrət Yusifin əhvalatı röyanın nəqli ilə başlayır. Əllamə Təbatəbainin "Əl Mizan” təfsirində bəyan etdiyi kimi, Yusifin əhvalatı ona müjdə verən, gələcəyə ümidvar edən bir yuxu ilə başlayır. Məqsəd onu ilahi tərbiyə yolunda səbirli və dözümlü etməkdir.
Yusif qardaşı Benyamindən sonra dünyaya gəlmişdir. Digər qardaşları başqa anadan olmuşlar. Həzrət Yəqub həzrət İshaqın, həzrət İshaq isə həzrət İbrahimin övladıdır.
İlahi övliyaların yuxusu fərqlidir. Bəzən bu yuxular həzrət Yusifin yuxusu kimi təbir olunmalıdır və həqiqətdir. Həzrət İbrahimin yuxusu da belə idi. Ona yuxuda əmr olunmuşdu ki, oğlu İsmaili zibh etsin.
YUXU HAQQINDA
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Yuxu üç qisimdir: Ya Allah tərəfindən müjdədir, ya şeytan tərəfindən qəm-qüssədir, ya da insanın gündəlik qayğıları ilə bağlıdır...”
Bəzi alimlər və psixoloqlar yuxunu insan həyatındakı çatışmazlıqların təsiri sayırlar. Onlar "ac toyuq yuxuda darı görər” məsəlinə istinad edirlər. Bəziləri isə yuxunu qorxunun təlqini sayırlar.
Bir məsəldə deyilir: "Dəvədən uzaqda yat ki, yuxunu qarışıq görməyəsən.” Bəziləri də yuxunu daxili meyillərin təzahürü sayır. Yuxuya münasibətlər müxtəlif olsa da, kimsə yuxunu bir hadisə kimi inkar etmir. Unutmamalıyıq ki, bütün yuxulara eyni cür yanaşmaq, onları eyni qaydada araşdırmaq olmaz.
Mərhum Əllamə Təbatəbai "Əl Mizan” təfsirində deyir: "Üç aləm mövcuddur: Təbiət aləmi, Misal aləmi, Əql aləmi. İnsan ruhu mücərrəd olduğundan yuxuda həmin iki aləmlə əlaqədə olur və öz istedadı həddində həqiqətləri dərk edir. Kamillikdə son dərəcəyə çatmamış ruh həqiqətləri başqa qəliblərdə müşahidə edir. Dünya həyatında şirdə şücaət, tülküdə hiylə, dağda ucalıq gördüyümüz kimi, yuxuda elmi nur, izdivacı libas, cəhaləti qaranlıq qəlibində müşahidə edirik.
Yuxu görən insanlar bir neçə dəstədir:
Birinci dəstədən olanların ruhu kamildir. Onlar yuxuya getdikdən sonra duaları Əql aləmi ilə əlaqədə olur. Digər dünyaya aid həqiqətləri saf və aydın dərk edirlər. Bu sayaq yuxuların təbirə ehtiyacı yoxdur.
İkinci dəstədən olanların ruhu orta haldadır. Onlar röya aləmində həqiqətləri dumanlı şəkildə müşahidə edirlər. Bu sayaq yuxuların təbirə ehtiyacı var.
Üçüncü dəstədən olanların ruhu o qədər dəyişkəndir ki, onların gördüyü yuxunun mənası yoxdur. Bu sayaq yuxular təbir olunmur.
Quranın müxtəlif surələrində bəzi gerçəkləşmiş yuxulara işarə olunur:
a) 11 ulduz, ayla günəşin Yusifə səcdə etməsi ilə bağlı yuxu; bu yuxu həzrət Yusifin qüdrətə çatması, qardaşlarının, ata-anasının onun qarşısında təvazösü kimi təbir olundu.
b) Yusifin zindandakı iki yoldaşının yuxusu; sonradan onlardan biri azad oldu, ikincisi isə edam edildi.
v) Misir padşahının yuxuda arıq və kök inək görməsi; bu yuxu bolluqdan sonra qıtlıq və quraqlıq kimi təbir olundu.
q) Peyğəmbərin (s) yuxuda müşrikləri azsaylı görməsi; nəticədə müşriklər məğlub oldular.
d) Peyğəmbər (s) yuxuda gördü ki, müsəlmanlar başları qırxılmış halda Məscidül-Hərama daxil oldular; bu yuxu Məkkənin fəthi və Allah evinin ziyarəti kimi təbir olundu.
j) Həzrət Musanın anasının yuxusu; o, körpəni sandığa qoyub suya atdı. "Taha” surəsinin bu hadisə ilə bağlı nazil olmuş 38-39-cu ayələrində vəhy deyərkən həmin yuxu nəzərdə tutulur.
z) Həzrət İbrahimin oğlu İsmailin zibhi ilə bağlı yuxusu.
Adi həyatda yuxunun həqiqətinə şahid oluruq. Bəziləri adi yolla əldə oluna bilməyən məlumatları yuxuda əldə edirlər.
Hacı Şeyx Abbas Quminin oğlu yuxuda atasını görür. Atası ona deyir: "Səndə əmanət bir kitab vardır. Onu sahibinə qaytar, qoy Bərzəxdə rahat olum.” Şeyxin oğlu yuxudan oyanıb atasının qeyd etdiyi əlamətlərə malik kitabı tapır. Evdən çıxmaq istədiyi vaxt kitab əlindən düşür və azca zədələnir. O, kitabı sahibinə qaytardığı vaxt heç nə demir. Növbəti gün atasını yuxuda görür və atası ona deyir: "Nə üçün ona demədin ki, kitab zədələnib. İstəsəydi ona zərəri ödəyərdin, ya da razılığını alardın.”
Bildirişlər
1. Övladlar atanın biliyinə və canıyananlığına etimad göstərməli, həyatla bağlı məsələlərdə ataları ilə məsləhətləşməlidirlər.
2. Atanı adı ilə çağırmayaq.
3. Ata-ana övladların problemlərinin həlli üçün ən yaxın şəxslərdir.
4. Atalar və övladlar bir-birinə müraciət edərkən səmimiyyət, mərhəmət və şəfqət nişanəsi olan sözlərdən istifadə etsinlər.
5. Valideynlər öz övladlarının yuxularına diqqətli olsunlar.
6. Həzrət Yusif öncə yuxu təbirini bilmirdi və öz yuxusunun təbiri üçün atasına müraciət etmişdi.
7. Bəzən yuxu həqiqəti əldə etmək üçün bir yol olur.
8. Yusifin öz qardaşlarını yuxuda ulduz surətində görməsi onların məqama çatmasını göstərir.
9. Yuxu dilində hər əşya bir həqiqəti göstərir. (Məsələn günəş atanın, ay ananın, ulduz qardaşın nişanəsidir)
10. Ay, günəş və ulduzları yuxuda görməsi Yusifin röyasının ecazkarlığındandır.
11. Allahın övliyalarının yuxusu həqiqətdir.
Bu ayədə "rəəytu”, yəni "gördüm” sözünü təkrarlanması xəyal kimi qəbul olunmaması üçündür.
12. Yusif yuxuda gördü ki, günəş, ay və ulduzlar şüurlu varlıqlar kimi ona səcdə edir.
13. Seçilmiş insanlar elə bir məqama çatırlar ki, başqaları üçün səcdə yeri olurlar.
14. Bəzən gəncdəki istedad özündən böyükləri təvazöyə sövq edir.
15. Əhvalatın yuxu ilə başlayıb təbirlə başa çatması dastan və ssenari yazılmasında ən üstün üsullardandır.