NUR TƏFSİRİ: Yusif surəsi / ayə 9
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Qardaşlardan biri dedi:) Yusifi öldürün, ya uzaq bir yerə atın ki, atanızın diqqəti sizə məxsus olsun. Ondan sonra (tövbə edib) saleh bir qrup olun.”
Nöqtələr
İnsanın nemətə münasibətdə dörd halı olur: həsəd, xəsislik, isar (fədakarlıq), qibtə. Əgər insan onda olmayan nemətin başqalarında da olmamasını istəyirsə, o həsədçidir. Bir nemətin kimsədə yox, yalnız onun özündə olmasını istəyən insan xəsisdir. Özü bir nemətdən məhrum olsa da, başqalarında bu nemətin olmasını istəyən insan isar əhlidir. Başqalarında olan nemətin onda da olmasını istəyən şəxs qibtə edir.
İmam Baqir (ə) buyurmuşdur: "Mən arabir bəzi övladlarıma məhəbbət göstərib onları dizim üstə oturduram. Halbuki bu onların haqqı deyil. Məqsədim budur ki, övladlarım arasında həsəd olmasın və Yusifin macərası təkrarlanmasın.”
Bildirişlər
1. Təhlükəli fikir insanı təhlükəli işə sövq edir.
2. Övladların özlərinə münasibətdə ayrıseçkilik hiss etmələri onları qardaş qətlinədək aparır. (Yəqub Yusifi onun ləyaqətinə görə sevsə də, qardaşları bunu ayrıseçkilik kimi dəyərləndirirdilər.)
3. Darbaxışlı insanların nəzərincə, rəqibi fiziki cəhətdən aradan götürmək ən yaxşı yoldur.
4. Həsəd insanı qardaş qətlinədək aparır.
5. Günahkarlar günah yolunda bir-birlərinə vəsvəsə edir, bir-birlərindən güc alırlar.
6. İnsan sevgi sorağındadır. Məhəbbətdən məhrumluq təhlükə və azğınlıqların ən böyük amilidir.
7. Həsədçi insanlar elə güman edirlər ki, göz qabağından gedən qəlbdən də çıxır. (Yusifin qardaşları elə güman edirdilər ki, ataları Yusifi görməsə, diqqətini onlara yönəldəcək).
8. Quran iman və saleh əməli məhəbbət amili sayırsa, Şeytan qardaş qətlini məhəbbət yolu kimi təqdim edir.
9. Həsədçi insan düşünür ki, başqalarını aradan götürməklə bütün nemətlər onun olacaq.
10. Şeytan qarşıda tövbə etmək imkanı olduğunu önə çəkərək, bu gün günah üçün yol açır.
11. Təkcə elm və agahlıqla azğınlıqdan qurtarmaq olmaz. Qardaşlar qətl və sürgünün pis olduğunu bilirdilər. Bnunla belə, bu çirkin işlərə yol verdilər.
12. Günaha başlamazdan öncə tövbə etməyi planlaşdırmaq – vicdanı aldatmaq və günaha yol açmaqdır. (Qardaşlar bir-birinə deyirdilər ki, Yusifi aradan götürək, sonra tövbə edib salehlərdən olarıq.)