Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Əl-Maidə surəsi

سورة المائدة

Əl-Maidə surəsi Ayələri

Toplam 120 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Əl-Maidə surəsi Ayə 1

Quran-ı Kərim

Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir.
Link
Ayə 1
2

Əl-Maidə surəsi Ayə 2

Quran-ı Kərim

Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır.
Link
Ayə 2
3

Əl-Maidə surəsi Ayə 3

Quran-ı Kərim

Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 3
4

Əl-Maidə surəsi Ayə 4

Quran-ı Kərim

Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz Allah tez hesab çəkəndir.
Link
Ayə 4
5

Əl-Maidə surəsi Ayə 5

Quran-ı Kərim

Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.
Link
Ayə 5
6

Əl-Maidə surəsi Ayə 6

Quran-ı Kərim

Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.
Link
Ayə 6
7

Əl-Maidə surəsi Ayə 7

Quran-ı Kərim

Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir.
Link
Ayə 7
8

Əl-Maidə surəsi Ayə 8

Quran-ı Kərim

Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır.
Link
Ayə 8
9

Əl-Maidə surəsi Ayə 9

Quran-ı Kərim

Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir.
Link
Ayə 9
10

Əl-Maidə surəsi Ayə 10

Quran-ı Kərim

Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.
Link
Ayə 10
11

Əl-Maidə surəsi Ayə 11

Quran-ı Kərim

Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.
Link
Ayə 11
12

Əl-Maidə surəsi Ayə 12

Quran-ı Kərim

Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir.
Link
Ayə 12
13

Əl-Maidə surəsi Ayə 13

Quran-ı Kərim

Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir.
Link
Ayə 13
14

Əl-Maidə surəsi Ayə 14

Quran-ı Kərim

«Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.
Link
Ayə 14
15

Əl-Maidə surəsi Ayə 15

Quran-ı Kərim

Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.
Link
Ayə 15
16

Əl-Maidə surəsi Ayə 16

Quran-ı Kərim

Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir.
Link
Ayə 16
17

Əl-Maidə surəsi Ayə 17

Quran-ı Kərim

Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir.
Link
Ayə 17
18

Əl-Maidə surəsi Ayə 18

Quran-ı Kərim

Yəhudi və xaçpərəstlər dedilər: «Biz Allahın oğulları və Onun sevimliləriyik». De: «Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?» Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir.
Link
Ayə 18
19

Əl-Maidə surəsi Ayə 19

Quran-ı Kərim

Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.
Link
Ayə 19
20

Əl-Maidə surəsi Ayə 20

Quran-ı Kərim

Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın».
Link
Ayə 20
21

Əl-Maidə surəsi Ayə 21

Quran-ı Kərim

«Ey mənim qövmüm, Allahın sizin üçün yazdığı və qərara aldığı bu müqəddəs torpağa (Beytül-Müqəddəsə) daxil olun, geriyə dönməyin və arxaya çəkilməyin ki, (əks təqdirdə) ziyana uğrayarsınız.»
Link
Ayə 21
22

Əl-Maidə surəsi Ayə 22

Quran-ı Kərim

Dedilər: «Ey Musa, həqiqətən orada qüdrətli və zalım bir dəstə var və onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq».
Link
Ayə 22
23

Əl-Maidə surəsi Ayə 23

Quran-ı Kərim

(Allahdan) qorxanlardan olan və Allahın (iman və şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: «Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin və elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin».
Link
Ayə 23
24

Əl-Maidə surəsi Ayə 24

Quran-ı Kərim

Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».
Link
Ayə 24
25

Əl-Maidə surəsi Ayə 25

Quran-ı Kərim

(Musa) dedi: «Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal».
Link
Ayə 25
26

Əl-Maidə surəsi Ayə 26

Quran-ı Kərim

(Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».
Link
Ayə 26
27

Əl-Maidə surəsi Ayə 27

Quran-ı Kərim

Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir».
Link
Ayə 27
28

Əl-Maidə surəsi Ayə 28

Quran-ı Kərim

«Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram».
Link
Ayə 28
29

Əl-Maidə surəsi Ayə 29

Quran-ı Kərim

«Mən istəyirəm (əvvəl başlamayım) ki, sən (məni öldürmək günahı və) mənim (digər) günah(lar)ımla və öz günahlarınla (Allah dərgahına) qayıdasan və Cəhənnəm əhlindən olasan. Budur zalımların cəzası»!
Link
Ayə 29
30

Əl-Maidə surəsi Ayə 30

Quran-ı Kərim

Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu.
Link
Ayə 30
31

Əl-Maidə surəsi Ayə 31

Quran-ı Kərim

Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!» Beləliklə o, peşman olanlardan oldu.
Link
Ayə 31
32

Əl-Maidə surəsi Ayə 32

Quran-ı Kərim

Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad və qan tökməyə başladılar.
Link
Ayə 32
33

Əl-Maidə surəsi Ayə 33

Quran-ı Kərim

Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.
Link
Ayə 33
34

Əl-Maidə surəsi Ayə 34

Quran-ı Kərim

Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə də bilin ki, Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 34
35

Əl-Maidə surəsi Ayə 35

Quran-ı Kərim

Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.
Link
Ayə 35
36

Əl-Maidə surəsi Ayə 36

Quran-ı Kərim

Şübhəsiz, əgər yer üzündə olanların hamısı və üstəlik bir o qədəri də kafirlərin olsa ki, onu Qiyamət gününün əzabı(ndan qurtulmaları) üçün fidyə versinlər, onlardan qəbul olunmaz. Onlar üçün ağrılı bir əzab vardır.
Link
Ayə 36
37

Əl-Maidə surəsi Ayə 37

Quran-ı Kərim

Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır.
Link
Ayə 37
38

Əl-Maidə surəsi Ayə 38

Quran-ı Kərim

(Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.
Link
Ayə 38
39

Əl-Maidə surəsi Ayə 39

Quran-ı Kərim

(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 39
40

Əl-Maidə surəsi Ayə 40

Quran-ı Kərim

Məgər göylərin və yerin həqiqi səltənət və mülkiyyətinin Allaha məxsus olmasını bilmirsən?! (Çünki yaratmaq, qorumaq, işlərin nizama salınması və yox etmək, bunların hamısı Onun iradə və istəyinin təsiri altındadır.) İstədiyinə (ədalət və hikmətə uyğun olaraq) əzab verər və istədiyini (rəhmət əsasında) bağışlayar. Allah hər şeyə qadirdir.
Link
Ayə 40
41

Əl-Maidə surəsi Ayə 41

Quran-ı Kərim

Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri «iman gətirdik» deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır. (Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, götürün və əgər onu verməsələr (ondan başqasını versələr) çəkinin» deyirlər. Sən Allahın əzab(a düçar) və xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır.
Link
Ayə 41
42

Əl-Maidə surəsi Ayə 42

Quran-ı Kərim

Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir.
Link
Ayə 42
43

Əl-Maidə surəsi Ayə 43

Quran-ı Kərim

Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur.
Link
Ayə 43
44

Əl-Maidə surəsi Ayə 44

Quran-ı Kərim

Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!
Link
Ayə 44
45

Əl-Maidə surəsi Ayə 45

Quran-ı Kərim

Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!
Link
Ayə 45
46

Əl-Maidə surəsi Ayə 46

Quran-ı Kərim

Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik.
Link
Ayə 46
47

Əl-Maidə surəsi Ayə 47

Quran-ı Kərim

Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır fasiqlər!
Link
Ayə 47
48

Əl-Maidə surəsi Ayə 48

Quran-ı Kərim

Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik. Buna görə də onların arasında Allahın (sənə) nazil etdiyinin əsasında hökm et və heç vaxt sənə gəlmiş haqdan dönərək onların (nəfsi) istəklərinə tabe olma. Siz (ümmətlər)in hər biriniz üçün aydın bir şəriət və yol qoyduq. Əgər Allah (Öz qəti iradəsi ilə) istəsəydi, şübhəsiz, sizin hamınızı (bütün ümmətləri) bir ümmət edərdi (tarix boyu bütün bəşəriyyətə eyni durğun zehni istedad verər və hamını bir şəriətə möhtac edərdi). Lakin sizi, sizə verdiyi şeylə imtahan etmək istədi (buna görə də insanlara kamilləşməsi mümkün olan müxtəlif istedadlar verdi və onun təkamülünə uyğun olaraq şəriətlər nazil etdi). Buna görə də xeyir işlərə doğru bir-birinizi qabaqlayın. Hamınızın qayıdışı Allaha tərəfdir. O sizi, barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
Link
Ayə 48
49

Əl-Maidə surəsi Ayə 49

Quran-ı Kərim

(Sənə vəhy etdik ki,) onların arasında Allahın nazil etdiyinin əsasında hökm et, onların nəfsi istəklərinə tabe olma və onlardan çəkin ki, məbadə səni Allahın sənə nazil etdiyinin bəzisindən döndərələr. Beləliklə əgər onlar (sənin hökm etməyindən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarının cəzası olaraq müsibətə düçar etmək istəyib. Əlbəttə insanların çoxu fasiq və Allahın itaətindən çıxandırlar.
Link
Ayə 49
50

Əl-Maidə surəsi Ayə 50

Quran-ı Kərim

Bəs onlar cahiliyyət dövrünün hökmünü istəyirlər?! (Yaradılışın başlanğıc və sonuna) yəqinliyi olanlar üçün kimin hakimliyi Allahın hakimliyindən daha yaxşıdır?!
Link
Ayə 50
51

Əl-Maidə surəsi Ayə 51

Quran-ı Kərim

Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.
Link
Ayə 51
52

Əl-Maidə surəsi Ayə 52

Quran-ı Kərim

Beləliklə qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar.
Link
Ayə 52
53

Əl-Maidə surəsi Ayə 53

Quran-ı Kərim

İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar.
Link
Ayə 53
54

Əl-Maidə surəsi Ayə 54

Quran-ı Kərim

Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir.
Link
Ayə 54
55

Əl-Maidə surəsi Ayə 55

Quran-ı Kərim

Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).
Link
Ayə 55
56

Əl-Maidə surəsi Ayə 56

Quran-ı Kərim

Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
Link
Ayə 56
57

Əl-Maidə surəsi Ayə 57

Quran-ı Kərim

Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun.
Link
Ayə 57
58

Əl-Maidə surəsi Ayə 58

Quran-ı Kərim

(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.
Link
Ayə 58
59

Əl-Maidə surəsi Ayə 59

Quran-ı Kərim

De: «Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!» (Bu ayə bu sözə oxşayır ki: «Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.»)
Link
Ayə 59
60

Əl-Maidə surəsi Ayə 60

Quran-ı Kərim

De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!»
Link
Ayə 60
61

Əl-Maidə surəsi Ayə 61

Quran-ı Kərim

Onlar sizin yanınıza gələndə «iman gətirdik» deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir.
Link
Ayə 61
62

Əl-Maidə surəsi Ayə 62

Quran-ı Kərim

Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!
Link
Ayə 62
63

Əl-Maidə surəsi Ayə 63

Quran-ı Kərim

Nə üçün (yəhudi və xaçpərəstlərin) ilahi alimlər(i) və dini bilik sahibləri onları günah danışıqdan və haram yeməkdən çəkindirmirlər?! Onların həmişə etdikləri çox pisdir!
Link
Ayə 63
64

Əl-Maidə surəsi Ayə 64

Quran-ı Kərim

Yəhudilər dedilər: «Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir).» Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir.
Link
Ayə 64
65

Əl-Maidə surəsi Ayə 65

Quran-ı Kərim

Əgər kitab əhli (İslama) iman gətirsəydi və təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər və onları neməti bol olan Cənnətlərə daxil edərdik.
Link
Ayə 65
66

Əl-Maidə surəsi Ayə 66

Quran-ı Kərim

Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər (göyün və yerin bərəkətlərindən faydalanardılar). Onlardan mötədil və düz olan bir dəstə var. Çoxlarının gördüyü işlər pisdir.
Link
Ayə 66
67

Əl-Maidə surəsi Ayə 67

Quran-ı Kərim

Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.
Link
Ayə 67
68

Əl-Maidə surəsi Ayə 68

Quran-ı Kərim

De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.» Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə.
Link
Ayə 68
69

Əl-Maidə surəsi Ayə 69

Quran-ı Kərim

Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar.
Link
Ayə 69
70

Əl-Maidə surəsi Ayə 70

Quran-ı Kərim

Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər.
Link
Ayə 70
71

Əl-Maidə surəsi Ayə 71

Quran-ı Kərim

Onlar (onlar üçün) imtahan və əzab olmayacağını güman etdilər. Beləliklə kor və kar oldular. Həmin vaxt Allah onlara nəzər saldı və tövbələrini qəbul etdi. Yenə onların çoxu kor və kar oldular. Allah onların etdiklərini görəndir.
Link
Ayə 71
72

Əl-Maidə surəsi Ayə 72

Quran-ı Kərim

Şübhəsiz, «Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. Halbuki Məsihin özü «ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər və onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdur» demişdi.
Link
Ayə 72
73

Əl-Maidə surəsi Ayə 73

Quran-ı Kərim

Şübhəsiz, «Allah üç ilahi ünsürdən (ata, oğul və Ruhul-Qudusdan) biridir» deyənlər kafir oldular, halbuki tək olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər dediklərindən çəkinməsələr, şübhəsiz onlardan (bu etiqadla) kafir olanlara ağrılı bir əzab yetişəcəkdir.
Link
Ayə 73
74

Əl-Maidə surəsi Ayə 74

Quran-ı Kərim

Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?.
Link
Ayə 74
75

Əl-Maidə surəsi Ayə 75

Quran-ı Kərim

Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimizin və İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!
Link
Ayə 75
76

Əl-Maidə surəsi Ayə 76

Quran-ı Kərim

De: «Allahı qoyub (müstəqil surətdə) sizə heç bir ziyan və xeyir vermək imkan və qüdrəti olmayan şeyə ibadət edirsiniz?! Allah eşidən və biləndir!
Link
Ayə 76
77

Əl-Maidə surəsi Ayə 77

Quran-ı Kərim

De: «Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın».
Link
Ayə 77
78

Əl-Maidə surəsi Ayə 78

Quran-ı Kərim

İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.
Link
Ayə 78
79

Əl-Maidə surəsi Ayə 79

Quran-ı Kərim

Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi.
Link
Ayə 79
80

Əl-Maidə surəsi Ayə 80

Quran-ı Kərim

Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər.
Link
Ayə 80
81

Əl-Maidə surəsi Ayə 81

Quran-ı Kərim

Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.
Link
Ayə 81
82

Əl-Maidə surəsi Ayə 82

Quran-ı Kərim

Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.
Link
Ayə 82
83

Əl-Maidə surəsi Ayə 83

Quran-ı Kərim

Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et»!
Link
Ayə 83
84

Əl-Maidə surəsi Ayə 84

Quran-ı Kərim

«Rəbbimizin bizi salehlərin dəstəsinə daxil və onlarla birgə etməsinə göz tikdiyimiz halda bizə nə olub ki, Allaha və haqdan bizə gələnə iman gətirməyək?»
Link
Ayə 84
85

Əl-Maidə surəsi Ayə 85

Quran-ı Kərim

Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı.
Link
Ayə 85
86

Əl-Maidə surəsi Ayə 86

Quran-ı Kərim

Kafir olub ayələrimizi və nişanələrimizi inkar və təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır.
Link
Ayə 86
87

Əl-Maidə surəsi Ayə 87

Quran-ı Kərim

Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.
Link
Ayə 87
88

Əl-Maidə surəsi Ayə 88

Quran-ı Kərim

Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.
Link
Ayə 88
89

Əl-Maidə surəsi Ayə 89

Quran-ı Kərim

Allah sizi bihudə və niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə də onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz (və onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız (və pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz.
Link
Ayə 89
90

Əl-Maidə surəsi Ayə 90

Quran-ı Kərim

Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.
Link
Ayə 90
91

Əl-Maidə surəsi Ayə 91

Quran-ı Kərim

Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?
Link
Ayə 91
92

Əl-Maidə surəsi Ayə 92

Quran-ı Kərim

Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır).
Link
Ayə 92
93

Əl-Maidə surəsi Ayə 93

Quran-ı Kərim

İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir.
Link
Ayə 93
94

Əl-Maidə surəsi Ayə 94

Quran-ı Kərim

Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz və nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər və sizə yaxınlaşsınlar). Beləliklə, bundan sonra kim (müəyyənləşdirilmiş) həddi aşsa, onun üçün ağrılı bir əzab olacaqdır.
Link
Ayə 94
95

Əl-Maidə surəsi Ayə 95

Quran-ı Kərim

Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (məsələn, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək və ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kə’bəyə (Kə’bənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya onun qədər oruc tutmaqdır (onun qiymətinin bərabəri qədər hər fəqirə bir mudd yəni yeddi yüz əlli qram yemək verməlidir, yaxud müdlərin sayı qədər oruc tutmalıdır) ki, öz işinin cəzasını dadsın. Allah keçənlərə göz yumdu (birinci dəfəni kəffarə ilə bağışladı). Kim yenidən qayıtsa (yenidən Hərəmdə ov etsə , daha bunun kəffarəsi yoxdur, lakin) Allah ondan intiqam alacaqdır və Allah yenilməz qüdrət və intiqam sahibidir.
Link
Ayə 95
96

Əl-Maidə surəsi Ayə 96

Quran-ı Kərim

Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız.
Link
Ayə 96
97

Əl-Maidə surəsi Ayə 97

Quran-ı Kərim

Allah Kə’bəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir.
Link
Ayə 97
98

Əl-Maidə surəsi Ayə 98

Quran-ı Kərim

Bilin ki, Allah (həm) ağır cəzalandırandır və (həm də) Allah çox bağışlayan və mehribandır.
Link
Ayə 98
99

Əl-Maidə surəsi Ayə 99

Quran-ı Kərim

Bizim peyğəmbərimizin vəzifəsi yalnız (dinin hökmlərini) çatdırmaqdır (və həmin hökmlərin cəmiyyətdə əməli surətdə icrası imamətin vəzifələrindən, savab və cəza vermək isə rübubiyyətə aid işlərdəndir). Allah aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir.
Link
Ayə 99
100

Əl-Maidə surəsi Ayə 100

Quran-ı Kərim

De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir.» Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız.
Link
Ayə 100
101

Əl-Maidə surəsi Ayə 101

Quran-ı Kərim

Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Qur’an nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir.
Link
Ayə 101
102

Əl-Maidə surəsi Ayə 102

Quran-ı Kərim

Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu.
Link
Ayə 102
103

Əl-Maidə surəsi Ayə 103

Quran-ı Kərim

Allah heç bir heyvanı(n istifadəsini) «bəhirə», «saibə», «vəsilə» və «ham» (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar və onların çoxu düşünmürlər.
Link
Ayə 103
104

Əl-Maidə surəsi Ayə 104

Quran-ı Kərim

Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?
Link
Ayə 104
105

Əl-Maidə surəsi Ayə 105

Quran-ı Kərim

Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
Link
Ayə 105
106

Əl-Maidə surəsi Ayə 106

Quran-ı Kərim

Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq.
Link
Ayə 106
107

Əl-Maidə surəsi Ayə 107

Quran-ı Kərim

Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahidliyindən daha düzgündür və biz (haqq barəsində) həddi aşmamışıq, əks halda zalımlardan olarıq.
Link
Ayə 107
108

Əl-Maidə surəsi Ayə 108

Quran-ı Kərim

Bu (üsul, yəni şəkk yaranan kimi şahidlərə and içdirilməsi və onun yalançı olması fərz olunduqda iddiaçının and içməsi) onların şəhadəti düzgün yerinə yetirmələrinə və ya onların andlarından sonra başqa andların (iddiaçılara) qaytarılmasından (və nəticədə rüsvay olmaqdan) qorxmalarına daha yaxındır. Allahdan qorxun və (Onun əmrlərini) eşidin. Allah itaətsiz camaatı hidayət etmir.
Link
Ayə 108
109

Əl-Maidə surəsi Ayə 109

Quran-ı Kərim

(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən».
Link
Ayə 109
110

Əl-Maidə surəsi Ayə 110

Quran-ı Kərim

(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»
Link
Ayə 110
111

Əl-Maidə surəsi Ayə 111

Quran-ı Kərim

Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) «Mənə və Mənim peyğəmbərimə iman gətirin» deyə vəhy göndərən zaman onlar «iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq» dedilər.
Link
Ayə 111
112

Əl-Maidə surəsi Ayə 112

Quran-ı Kərim

(Və yada sal) o zaman(ı) ki, həvarilər dedilər: «Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?» Dedi: «Əgər möminsinizsə, Allahdan qorxun». (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var və bu səbəbdən möcüzə istəyirsiniz?!)
Link
Ayə 112
113

Əl-Maidə surəsi Ayə 113

Quran-ı Kərim

Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq».
Link
Ayə 113
114

Əl-Maidə surəsi Ayə 114

Quran-ı Kərim

Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».
Link
Ayə 114
115

Əl-Maidə surəsi Ayə 115

Quran-ı Kərim

Allah buyurdu: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm».
Link
Ayə 115
116

Əl-Maidə surəsi Ayə 116

Quran-ı Kərim

Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!»
Link
Ayə 116
117

Əl-Maidə surəsi Ayə 117

Quran-ı Kərim

Mən onlara yalnız Sənin mənə əmr etdiyini – «mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin» demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən».
Link
Ayə 117
118

Əl-Maidə surəsi Ayə 118

Quran-ı Kərim

«Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən».
Link
Ayə 118
119

Əl-Maidə surəsi Ayə 119

Quran-ı Kərim

Allah buyurar: «Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!»
Link
Ayə 119
120

Əl-Maidə surəsi Ayə 120

Quran-ı Kərim

Göylərin, yerin və onlarda olanların həqiqi malik və hakimi Allahdır (çünki, onların yaradılışı, qorunması, işlərinin nizama salınması və sonra nəzərdə tutulan vaxtda yox edilməsi Allahın kamil istək və iradəsindən asılıdır) və O hər şeyə qadirdir.
Link
Ayə 120

Süra Haqqında

Əl-Maidə surəsi Qurani-Kərimin 5-ci surəsidir, Mədinədə nazil olmuş və 120 ayədən ibarətdir. Adı “Süfrə” deməkdir, çünki 114-cü ayədə İsa peyğəmbərin Allahdan göydən süfrə (maidə) nazil etməsini istəməsi qeyd olunur. Surə halal–haram hökmləri, əhd-peymanlara sadiqlik, Əhli-Kitabla münasibətlər və ən mühüm hadisələrdən biri olan Qədir-Xum ilə bağlı ayələri özündə cəmləyir.

📖 Əl-Maidə Surəsi haqqında Ətraflı Məlumat

1. Adı və mənası

  • Ərəbcə adı: سورة المائدة (Sūratu-l-Māʾidah).
  • Mənası: “Süfrə” – İsa peyğəmbərin möcüzəsi ilə bağlıdır (114-cü ayə).

2. Nazil olma yeri və vaxtı

  • Mədinədə nazil olmuşdur.
  • Hicrətin son illərində nazil olduğu qeyd olunur.

3. Qurandakı mövqeyi

  • Qurani-Kərimin 5-ci surəsi.
  • 120 ayədən ibarətdir.

🌟 Əsas mövzular

  • Halal və haram qidalar: Ov, ehram, içki, qumar, donuz əti və murdar heyvanların qadağan olunması.
  • Əhd-peymanlara sadiqlik: Müqavilələrə, andlara və Allahla bağlanan əhdlərə riayət.
  • Əhli-Kitabla münasibətlər: Tövrat və İncilin təsdiqi, xristianlarla dialoq.
  • İsa peyğəmbərin süfrə möcüzəsi: Göydən süfrə nazil olması (114-cü ayə).
  • Ədalət və hüquq: Cinayət, qisas, oğurluq və digər ictimai hökmlər.

🌟 Qədir-Xum Hadisəsi ilə Bağlantı

Əhli-beyt mənbələrinə görə Əl-Maidə surəsi vilayət məsələsinin Qurandakı əsas sübutlarından biridir:
  • Maidə 67: “Ey Peyğəmbər! Rəbbindən sənə nazil ediləni çatdır. Əgər bunu etməsən, Onun risalətini çatdırmamış olarsan. Allah səni insanlardan qoruyacaq...” 🔑 Şiə təfsirlərində bu ayə Qədir-Xumda İmam Əlinin (ə) vilayətinin elan olunması ilə bağlıdır.
  • Maidə 3: “Bu gün sizin dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim...” 🔑 Şiə mənbələrində bu ayə də Qədir-Xum günü nazil olmuş sayılır. İmam Əlinin vilayəti elan edildikdən sonra dinin kamilləşməsi bu ayə ilə təsdiqlənmişdir.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim