NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 117
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onların dünya həyatında infaq etdikləri şey özünə zülm etmiş qövmün əkin sahələrinə əsən, şiddətli soyuq və ya istisi olan küləyə bənzər. (Bu külək həmin əkin sahələrini) məhv edər. Allah onlara zülm etmədi, onlar özləri özlərinə zülm edirlər.”
Nöqtələr
Quran dəfələrlə elan etmişdir ki, Allahın qəhr və qəzəbi qarşısında var-dövlətin, övladın, qohumların, zövcənin, dostun, ağanın, bir sözlə, heç bir şeyin zərrəcə təsiri yoxdur.
Ayədəki "sirr” sözü yandırıcı isti və soyuq mənasını bildirir.("Ət-Təhqiq fi kəlimatil-Quran”. )
Kafirlərin batil yolda sərf etdiyi büdcə yandırıcı küləyin məhv etdiyi əkinə bənzəyir. Elə əvvəl gündən indiyədək İslama qarşı hücumlar, təbliğatlar və qurğular məğlubiyyətə uğramışdır. İlahi din hər gün genişlənməkdədir və nəhayətdə qələbə İslamındır.
Bildirişlər
1. Əqidə əmələ təsirlidir. Küfr insanı infaqın bərəkətindən məhrum edir.
2. Təbii hadisələr və bəlaların amillərindən biri insanların günahlarıdır.
3. Günah insanın yaxşı işlərini puça çıxarır.
4. Allahın qəhr-qəzəbi zülm deyil. Bu qəzəbi doğuran insanların öz əməlləridir.