NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, Pərvərdigara, Sən əmr və səltənət sahibisən. İstədiyinə (məsləhət və hikmət əsasında) hakimiyyət verirsən və istədiyindən hakimiyyəti alırsan. İstədiyinə izzət bəxş edir və istədiyini zəlil edirsən. Bütün xeyirlər yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər işə qadirsən.”
Nöqtələr
Təfsirdə oxuyuruq ki, İslam peyğəmbəri Məkkəni fəth etdikdən sonra müsəlmanlara İran və Rumun fəthi vədini verdi. Həmin vaxt münafiqlər təəccüblə bir-birlərinə baxdılar. Bu ayə nazil oldu. Bəzi təfsirçilərin fikrincə, bu ayə məşhur xəndək qazılarkən nazil olmuşdur. O zaman həzrət peyğəmbər külüngü daşa vurarkən qığılcım qalxmışdı. Həzrət buyurmuşdu: "Mən bu qığılcımlarda Cəbraildən Mədain və Yəmən saraylarının fəthi xəbərini aldım.”
Ayədə haqqında danışılan izzət və zəlillik bəxş olunması Allahın qanun və sünnələrindəndir. Allah əsassız olaraq kimsəyə izzət bəxş etmir, kimsəni zəlalətə uğratmır. Məsələn, rəvayətdə oxuyuruq: "Hər kəs Allaha xatir təvazö və sadəlik göstərsə, Allah onu əziz edər. Hər kəs təkəbbür göstərsə, Allah onu zəlalətə uğradar.("Bihar”, c. 16, s. 265. )
Bildirişlər
1. Bütün hakimiyyətlərin gerçək maliki Allahdır. Allahdan qeyriləri üçün hakimiyyət müvəqqəti və məhduddur.
2. Əgər malik Odursa, demək, başqalarına hakimiyyət əmanət olaraq verilir və onlar əsl malikin razılığı əsasında əməl etməlidirlər.
3. Bir halda ki, insan həqiqi mülk sahibi deyil, nə üçün ona verilmiş əmanətlə qürrələnsin və ya əlindən çıxdıqda məyus olsun?!
4. Allah layiq olan kəsə hakimiyyət verir. Necə ki, Süleymana, Yusifə, Taluta, Zülqərneynə hakimiyyət əta etdi.
5. Hökumət və hakimiyyət insanda vurğunluq yaradır. Qoparmaq mənası verən "nəzə” sözü bir növ vurğunluq nişanəsidir.
6. İzzət və zillət Allahın əlindədir. Kimsədən izzət gözləməyin. (Bu məsələyə "Nisa” surəsinin 139-cu ayəsində də işarə olunmuşdur.)
7. Dua və ibadətdə tövhid prinsipini gözləmək bir zərurətdir.
8. Bir şey ki, Ondandır, demək, vermək də, almaq da xeyirlidir. Biz isə tələsik mühakimələrimizdə bunun fəlsəfəsini anlamırıq.
9. Pisliklərin qaynağı acizlik və zəiflikdir. Hər şeyə qadir olan varlıq yalnız xeyir iş görər.