Əsas məzmuna keç

Ali-İmran surəsi - 39-cu Ayə

Surə 3
Ayə 39

Azərbaycan dilində tərcümə

Beləliklə, mələklər onu öz mehrabında namaz və dua üçün durduğu halda səslədilər ki: «Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir».
Ali-İmran surəsi , 39-cu ayə
Ali-İmran surəsi 39-cu ayə
Tam Surə

Ali-İmran surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Zəkəriyya mehrabda namaza durduğu vaxt mələklər ona nida etdilər ki, Allah səni ilahi kəlməni (İsanı) təsdiq edən, seyyid, nəfsini qoruyan, salehlər arasından peyğəmbər olacaq Yəhya ilə müjdələyir.”
Nöqtələr
Tarixi mənbələrdə göstərilir ki, həzrət Yəhya həzrət İsadan altı ay tez dünyaya gəlmişdir. Xalq arasında öz təqvası ilə seçilən Yəhyanın öz xalası oğlu İsaya olan inamı xalqın İsaya diqqətinə dərin təsir qoymuşdur. Maraqlıdır ki, həm "İsa”, həm də "Yəhya” sözləri "diri qalmaq” mənasındadır.
Bəziləri "həsur” sözünün Yəhyanın tez-tez səfərdə olması ilə bağlı izdivacı tərk etməsinə işarə olduğunu bildirmişlər. İmam Baqir (ə) isə belə buyurmuşdur: "Yəhyanın izdivac etməməsinin, qadınlardan uzaq olmasının səbəbi onun iffəti olmuşdur.”("Təfsire-Məcməul-bəyan”. )
Bildirişlər
1. Ürəkdən gələn xalis dua qəbul olur.
2. Əvvəlki dinlərdə də namaz olmuşdur.
3. Məscidin mehrabı xüsusi müqəddəsliyə malikdir. Mehrab səmavi süfrənin nazil olduğu, duaların qəbul edildiyi yerdir.
4. Namaz mələklərin nüzul zəminəsidir.
5. Allahın iradəsi hər şeyə qalibdir. Atanın qocalığı və ananın sonsuzluğu onların dünyaya övlad gətirməsinə mane olmur.
6. Bəzən insanlara Allah tərəfindən ad qoyulur.
7. Övlad ilahi nemətlərdən və müjdələrdəndir.
8. Peyğəmbərlər bir-birlərini təsdiq edirlər.
9. Həzrət İsa Allahın övladı yox, Allahın qüdrət nişanələrindəndir.
10. Allah bütün insanların gələcəyindən xəbərdardır.
11. Cinsi təmayüllərin cilovlanması və iffət Allahın bəyəndiyi xüsusiyyətlərdəndir.