Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 173-cü Ayə

Surə 2
Ayə 173

Azərbaycan dilində tərcümə

Həqiqətən (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində ona meyli olmadan (Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
Əl-Bəqərə surəsi , 173-cü ayə
Əl-Bəqərə surəsi 173-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 173-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 173

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Allah (qeyri-şəri yolla) ölmüş heyvanı, qanı, donuz ətini, Allahdan qeyrisinin adı ilə kəsilənləri haram etmişdir. Amma çarəsiz qalan şəxs həddi aşmadan, ehtiyacı qədərində yesə, onun üçün günah yoxdur. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Əvvəlki ayənin ardınca buyuruldu ki, Allahın halal buyurduqlarını özbaşına haram saymayın. Allah yalnız ölmüş hevanı, qanı, donuz ətini və - cahiliyyət dövründəki kimi - Allahdan qeyrilərinin adı ilə kəsilənləri haram etmişdir.
İmam Sadiq (ə) buyurmuşdur: "Ölmüş heyvan əti bədəni zəiflədir, nəsil artımını qət edir, qəfil ölümə səbəb olur. Qanı içmək qəlbin daşlaşması və qəsavət səbəbidir.("Təfsiri-Nurus-səqəleyn”, c. 1, s. 145. )
Tibbi araşdırmalara əsasən, donuz əti iki təhlükəli parazitin törədicisidir. Bəzi ölkələrdə hətta sağlamlıq baxımından donuz əti qadağan olunmuşdur. Həzrət İsanın İncilində də günahkarlar donuza oxşadılmışdır.
Əlbəttə ki, yaşamaq üçün heç bir qida tapmayan insan çarəsiz qaldıqda haram qidalardan istifadə edə bilər. Amma bu işdə ifrata varmaq, həddi aşmaq olmaz. Yəni yalnız ölümdən yaxa qurtarmaq üçün zəruri həddə qədər istifadə etmək mümkündür. Haram qidalardan ləzzət məqsədi ilə istifadə olunması qadağandır. İstisna şəkildə verilmiş bu icazə Allahın lütf və mehribançılığına əsaslanır. İmam Sadiq (ə) buyurmuşdur: "Əgər bir insan zəruri bir vəziyyətdə bilərəkdən haram qidalardan istifadə etməyib ölsə, kafir kimi ölmüşdür.”("Nisa”, 10. )
Haram qidaların dörddən çox olduğunu nəzərə alsaq, hazırkı ayədə "innəma” kəlməsini cahiliyyət dövrünün qadağalarına aid olduğu qənaətinə gələrik.
İstisna hallara aid qaydalar təkcə qidalarla bağlı deyil. Qarşıya çıxan istənilən bir məsələdə belə yüngülləşdirmələr var. İmam Sadiqdən (ə) soruşurlar ki, əgər həkim xəstəyə istirahət və yatmaq göstərişi vermişdirsə, namaz necə olsun? İmam bu ayəni oxuyur və buyurur: "Namazı yatdığı yerdə qılsın.”("Təfsiri-Məraği”. )
İslam hökmləri məsləhətə əsaslanır. Əgər əvvəlki ayədə qidalanma paklığa əsaslanaraq mübah sayılırdısa, bu ayədə pak olmayanların haramlığı bildirilir.
İlahi qadağalar yalnız tibbi məsələlərə əsaslanmır. Məsələn, ölmüş heyvan ətinin və qanın haram buyrulmasında məqsəd bəzən etiqadi məsələlərə hörmətdir. Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan ətinin qadağası kimi qadağalar şirki aradan qaldırmaq üçündür. Bəzən bir şəxsin süfrəsindən çəkinməyimizin səbəbi onun gigiyenik qaydalara riayət etməməsi olur. Bəzən isə bir şəxsdən uzaqlaşmaq məqsədi ilə onun süfrəsində əyləşmirik.
Bildirişlər
1. İslam qidalanma məsələlərinə kamil diqqət yetirir. Zərərli və haram qidalar haqqında təkrar-təkrar xəbərdarlıq olunur.
2. Nəyisə haram buyurmaq yalnız Allahın ixtiyarındadır.
3. Heyvanları zibh edərkən (kəsərkən) Allaha diqqət və Onun adının çəkilməsi zəruridir. Bunun səbəbi heç bir işdə tövhid xəttindən çıxmamaq və şirklə, bütpərəstliklə mübarizə aparmaqdır.
4. Yalnız insanın məcbur olduğu istisna hallarda hökm dəyişir. İnsanın özünü qəsdən belə bir vəziyyətə salması caiz deyil. "Uzturr” qeyri-məlum formada işlənmişdir.
5. İslam heç bir mərhələdə maneə ilə qarşılaşmayan ictimai bir dindir. Fövqəladə vəziyyətlərdə istənilən vəzifə dəyişə bilir.
6. Qanun tənzimləyənlər tənzimləmə zamanı xüsusi şərtləri nəzərə almalıdırlar.
7. Məcburi şəraitlərdən sui-istifadə etməyin.