NUR TƏFSİRİ : Bəqərə 20 ci ayə
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
20. يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُواْ وَلَوْ شَاء اللّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّه عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
"Az qalır şimşək onların gözünün nurunu alsın. Şimşək parladıqda yeriyir, qaranlıq düşən kimi dayanıb dururlar. Əgər Allah istəsəydi, onların eşitmə və görməsini alardı. Həqiqətən, Allah hər şeyə qadirdir.”
Nöqtələr
Münafiqlərdə nurani dəlilləri və ilahi ayənin şöləsini görməyə güc yoxdur. Onlar biyabanda ildırımın işığından gözü qamaşan və yalnız bir neçə addım ata bilən müsafir kimidirlər. Münafiqlər İslam cəmiyyətində bir neçə addım ata bilsələr də, hansısa hadisələr səbəbindən yenidən dayanırlar. Onlar öz daxili fitrət çıraqlarını söndürmüşlər və xarici güclərdən nur intizarındadırlar.
"Allah hər şeyə qadirdir” dedikdə mümkün işlər nəzərdə tutulur. Məsələn, bir şəxsin riyazi biliyini tərif ediriksə, bu o demək deyildir ki, o, ikinin üstünə iki gələndə beş ala bilər. Belə bir nəticə qeyri-mümkündür. İkini ikiyə əlavə etdikdə beş ala bilməməsi riyaziyyatçının qüdrətsizliyi deyil. Bəziləri imamdan soruşdular: "Allah yer kürəsini yumurtanın içində yerləşdirə bilərmi?” İmam əvvəlcə onlara qənaətbəxş bir cavab verərək bildirir ki, gözün giləsi ilə əzəmətli səmanı görürük. Sonra həzrət buyurur: "Allah qadirdir. Amma sizin təklifiniz qeyri-mümkündür.("Casiyə”, 13. ) Qeyri-mümkün bir məsələni həll etməyən riyaziyyatçının qüdrəti bu istiqamətdə münasib misaldır.
Quranda münafiqlərin siması:
Münafiqin əqidə və əməldə, rəftar və danışıqda hərəkət üsulu bu surədə və "Münafiqun”, "Əhzab”, "Tövbə”, "Nisa”, "Məhəmməd” surələrində bəyan olunmuşdur. Burada qeyd etmək yerinə düşər ki, münafiqlərin daxilən imanları yoxdur. Sadəcə, onlar özlərini ağıllı sayırlar. Öz həmfikirləri ilə xəlvətə çəkilib pıçıldaşır, namazlarını süstlüklə qılır, sədəqə verəndə ikrahla verirlər. Onlar möminlərdə eyib axtarır, peyğəmbərə əziyyət verirdilər. Cəbhədən qaçır, Allahı yada salmırdılar. Onlar pis danışan, riyakar, şayiəçi, kafirlərlə dostluğa maraqlı fərdlər. Onları eyş-işrət şad edir, məhrumiyyət qəzəbləndirir. Onlar Allahla əhdlərinə vəfasızdırlar, möminlərə çatan xeyirdən nigaran olurlar. Müsəlmanlara çətinlik üz verdikdə onlar sevinirlər. Pisliyi əmr edir, yaxşılığa qadağa qoyurlar. Onların bütün bu etiqadi və əməli azğınlıqlarına "Nisa” surəsinin 145-ci ayəsində münasibət bildirilir: "Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan.”
Bildirişlər
1. Münafiq, öz hərəkət yolunda tərəddüddədir. ("Əzaə ləhum məşəv, əzləmə ələyhim qamu”)
2. Münafiq başqalarının nuru işığında hərəkət edir. ("Əzaə ləhum”)
3. Münafiq yol verdiyi əməllərə görə hər an Allahın qəzəbinə düçar ola bilər. ("Və lov şaəllahu ləzəhəbə bisəmihim”)
4. Hamıya azadlıq vermək Allahın qaydasıdır. Əks-təqdirdə, Allah münafiqləri kar və kor edərdi.