Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 228-ci Ayə

Surə 2
Ayə 228

Azərbaycan dilində tərcümə

Talaq verilmiş qadınlar (aybaşıdan) üç paklıq müddətinə kimi gözləməlidirlər («iddə» saxlamalıdırlar, yəni üç dəfə aybaşı qanı görüb ondan təmizlənənə qədər gözləməlidirlər). Əgər Allaha və axirət gününə imanları varsa, Allahın onların bətnlərində yaratdığını (aybaşı qanını və ya övladı) gizlətmələri caiz deyildir (məsələn, üçüncü dəfə aybaşı olmasına baxmayaraq birinci ərinə qayıtmaq üçün onu inkar etməsi, yaxud üçüncü dəfə aybaşı olmamasına baxmayaraq əvvəlki ərinə qayıtmamaq üçün üç dəfə aybaşı olmasını iddia etməsi, yaxud başqa ərə getmək üçün bətnində övladın olmasını inkar etməsi halal deyildir). Əgər barışıq qəsdləri olsa («ric’i» təlaqdakı) «iddə» müddəti ərzində ərləri onları geri qaytarmağa (arvadlığa götürməyə başqalarından) daha haqlıdırlar. Qadınların boynunda kişilərin (talaq vermək, ləzzət almaq, gözəl davranmaq, başqa bir arvad almaq, səfərə çıxmağı qadağan etmək, övladın başçılığı, irs və sairə) haqları olduğu kimi (fitrət və şəriətin hökmü baxımından) kişilərin boynunda (da) onların (qadınların ləzzət almaq, dolanışığının təmin olunması, gözəl davranmaq və varislik kimi) bəyənilən hüquqları vardır. (Hüquqlar arasındakı kəmiyyət və keyfiyyət fərqlərinə əsasən) kişilərin onlardan üstünlükləri vardır. Allah qüdrətli və (yaradılış və şəriət məsələlərində məsləhəti daha yaxşı bilən) hikmət sahibidir.
Əl-Bəqərə surəsi , 228-ci ayə
Əl-Bəqərə surəsi 228-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 228-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 228

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Boşanmış qadınlar üç dəfə paklanıncaya qədər gözləməlidirlər. (Bu paklıqdan biri talaq baş verdiyi haldır, digər ikisi üçüncü heyzi görüncəyədəkdir.) Əgər Allaha və qiyamət gününə inanırlarsa, Allahın onlar üçün bətnlərində qərar verdiyini gizlətmələri rəva deyil. Əgər ərləri onlarla barışmaq istəsə, bu müddətdə onları geri döndərsə, bu daha yaxşıdır. Qadınların da onların öhdəsində haqları var. Kişilərin isə qadınlardan bir mərtəbə üstünlüyü mövcuddur. Allah qadir və həkimdir.”
Nöqtələr
"Qur” sözü həm pak olmaq, həm də heyz mənasındadır. Bu söz "quru” formasında işləndikdə paklanma mənasını, "Əqra” formasında işləndikdə isə heyz mənasını bildirir.
Boşanmadan qabaq təyin olunmuş iddə möhləti ailə hüquqlarını qorumaq məqsədi daşıyır. Çünki bu müddətdə həm ailə həyatını qorumaq istəyi yarana bilər, həm də bilinər ki, qadın hamilədir, yoxsa yox. Qadının hamilə olub-olmamasının təyini onun üçündür ki, qadın növbəti dəfə ərə getdikdə onun əvvəlki ərinin nəsli ilə sonrakı ərinin nəsli qarışıq düşməsin.
İmam Sadiq (ə) buyurmuşdur: "Heyz, pak olma, hamiləlik məsələlərində qadının öz şahidliyi kifayətdir. Digər bir şəhadətə, anda və dəlilə ehtiyac yoxdur. Qadınlar üçün isə bu məsələlərdə yalan danışmaq haramdır. Qadın öz vəziyyətini olduğu kimi çatdırmalı, heç nəyi gizlətməməlidir. Bu məsələlərdə nəyisə gizlədən qadının Allaha və qiyamətə imanı yoxdur.
İddə dövründə (üç dəfə pak olma) ərin öz fikrindən daşınıb, bir daha arvadı ilə evlənməsi üçün heç bir yeni mərasimə ehtiyac yoxdur. Talaq isə bunun əksinə olaraq, müəyyən qanun çərçivəsində həyata keçirilir. Verilən iddə müddəti o qrup qadınlara aiddir ki, hamilə və ya "yaisə” və yaxud əsla yaxınlıq edilməmiş qadınlardan olmasın. Çünki onların talaq hökmü fərqlidir.
Bildirişlər
1. Qadın boşanıb deyə başqasına ərə gedə bilməz (iddə gözlənilməlidir).
2. Boşanma səbəbinə görə övladlar öz hüquqlarından məhrum edilməməlidir.
3. Qanunların icrası üçün ən üstün zamin Allaha imandır.
4. Ailə həyatını əvvəlki ərlə davam etdirmə öndə gəlir.
5. Xoşniyyətlilik geri qayıtmaq üçün bir əsasdır. Məbada ər yalnız cinsi məsələlərə xatir geri qayıda və təkrarən biganələşə.
6. Məsuliyyət insan üçün hüquqlar yaradır. Çiyninə vəzifə götürmüş insan hansısa hüquqlar da əldə edir. Məsələn, valideyn övlad qarşısında vəzifəli olduğundan, övladın öhdəsində də haqları var.
7. Qadınla rəftarda ədalətə riayət olunmalıdır.
8. İslam cahiliyyət dövründə qadınların zərərinə tənzimlənmiş qanunları aradan qaldırdı.
9. Eyni bir şəraitdə fərqləndirmə qadağandır. Amma vəzifə, istedad və ehtiyac baxımından haqq qoymağın eybi yoxdur.
10. Kişilər öz güclərindən sui-istifadə etməməlidirlər. Əsl qüdrət sahibi Allahdır.
11. İddə müddəti gözləmək Allahın hikmətli proqramlarındandır.