NUR TƏFSİRİ : Bəqərə surəsi 25-ci ci ayə
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
25. وَبَشِّرِ الَّذِين آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ كُلَّمَا رُزِقُواْ مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقاً قَالُواْ هَـذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ وَأُتُواْ بِهِ مُتَشَابِهاً وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ
"İman gətirib saleh işlər görənlərə müjdə ver ki, onlar üçün ayaqları altda çaylar axan bağlar var. Onlara onun meyvələrindən veriləndə deyərlər: "Bu həminkidir ki, əvvəl də bizim ruzimiz olub. Və o nemətlərin oxşarları onlara verilər. Onlar üçün behiştdə pak-pakizə zövcələr var və orada əbədi qalarlar.”
Nöqtələr
"Mütəşabihən” sözünün işlədilməsində məqsəd bu ola bilər ki, behişt əhli ilk baxımda meyvələri dünyəvi meyvələr kimi görərlər və deyərlər: "Bunlar dünyada yediklərimizin oxşarıdır.” Amma yedikdən sonra anlayarlar ki, bu meyvələrin yeni bir tamı və ləzzəti var. Başqa bir ləzzət bu ola bilər ki, onlara verilmiş meyvələrin hamısı yaxşılıq, gözəllik və ətir baxımından eyni cür olarlar. Daha dünyadakı meyvələr kimi biri yaxşı, digəri pis olmaz.
Quranda iman və saleh əməl, adətən, yanaşı bəyan olunmuşdur. Amma iman saleh əməldən öndə gəlir. Bəli, əgər otaq daxildən işıqlanarsa, işıq şüaları onun pəncərələrindən bayıra düşər. İman insan batinini nurlandırır və nurani qəlb insanın bütün əməllərinə işıq saçır. İman və saleh əməlin bərəkəti çoxdur. Quran ayələrində bu bərəkətə işarə olunmuşdur.
Behişt zövcələri iki növdür:
a) Lölö (qiymətli daş) kimi bakirə hurul-eyn həmin aləmdə yaradılmış bir varlıqdır.
b) Dünyadakı mömin zövcələr də gözəl çöhrə ilə öz yoldaşlarının yanında olarlar.("Təfsiri-Rahnüma”, "Dürrül-mənsur”. )
İmam Sadiqdən (ə) pak zövcələr haqqında soruşulduqda həzrət buyurmuşdur: "Behişt zövcələrində heyz və ifrazat olmur.”("Rum”, 58ö )
Bildirişlər
1. Xatırlatma və xəbərdarlıqla yanaşı müjdə vermək tərbiyə üsullarından biridir. ("Fəttəqun-nar... və bəşşirilləzinə amənu”)
2. Qəlb imanı saleh əməllə birgə olmalıdır. ("Amənu və əmilussalihat”)
3. Saleh işlərdən bəzisini yox, hamısını yerinə yetirmək faydalı olur. ("Əmilussalihat”)
4. Yaxşı və saleh işlər o zaman dəyərli olur ki, imandan qaynaqlanmış olsun. Şəxsi meyillərə, ictimai cazibələrə əsaslanan saleh iş dəyərsizdir. Əvvəlcə, "amənu”, sonra isə "əmilussalihat”.
5. Dünyada halal-haramı gözlədiyi üçün müəyyən şeylərdən məhrum olan mömin axirətdə onların əvəzini alır. ("ruziqu”)
6. Biz dünyada nemətləri əldən verməkdən qorxuruq. Axirətdə isə belə bir nigarançılıq yoxdur. ("Və hum fiha xalidun”)
7. Nemətlərin keçmişi ilə tanışlıq kam alma ləzzətini artırır. ("Ruziqna min qəbl”)
8. Behişt zövcələri də pakizədirlər. ("Əzvacun mütəhhərə”)