NUR TƏFSİRİ : Bəqərə surəsi 26-cı ayə
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
26. إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِي أَن يَضْرِبَ مَثَلاً مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُواْ فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً يُضِلُّ بِهِ كَثِيراً وَيَهْدِي بِهِ كَثِيراً وَمَا يُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِينَ
"Həqiqətən, Allah ağcaqanadı və ya ondan da böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun Rəbbləri tərəfindən bir həqiqət olduğunu bilirlər. Kafirlər isə deyirlər: "Allah bu məsəllə nə demək istəyir? Allah bu məsəllə bir çoxlarını yoldan azdırır, bir çoxlarını isə doğru yola hidayət edir. Allah günahkar fərdlərdən başqasını azdırmaz.”
Nöqtələr
"Bəuz” sözü ağcaqanad mənasındadır. Bu sözün kökü "bəz”dir və ağcaqanad öz cüssəsinin kiçikliyinə görə belə adlandırılmışdır.
Quranın məsəlləri bütün xalq üçündür. Quranda hər növ məsəl çəkilmişdir. ("Ənkəbut”, 43. ) Əlbəttə, bu məsəlləri əhəmiyyətsiz saymaq olmaz. Çünki onların əsasını alimlər dərk edirlər. Quranda oxuyuruq: "Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar.”("Rəd”, 27. ) Məsəllərdə xatırlatma, anlatma, təlim, bəyan, həqiqətlərin açıqlanması gerçəkləşir. Tövrat və İncil kimi əvvəlki səmavi kitablarda da, həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinin (ə) buyruqlarında da məsəllərdən geniş şəkildə istifadə olunur. Tövratda "Süleymanın məsəlləri” adı altında hissə vardır.
Bəzi İslam müxalifləri Quranın məntiqi və çəkdiyi məsəllər qarşısında aciz qaldılar. Onlar Quranın məsəllərini bəhanə edərək dedilər: "Allahın şəni milçək və ya hörümçək kimi bir canlını məsəl çəkməkdən daha ucadır.” Onlar elə düşünürdülər ki, bu məsəllər Allahın uca məqamına uyğun deyil. Ona görə də Quran ayələrinə şübhə edirdilər. Allah bu ayəni göndərməklə onların bəhanələrinə son qoyur.
Sual: Nə üçün Allah bir qrupu Quran və ondakı məsəllərlə azdırır?
Cavab: Allah kimsəni azdırmır. Sadəcə, Quran həqiqətlərinə qarşı çıxan hər bir insan özü azır. Bu mənada Quran kiminsə azğınlıq səbəbi sayıla bilər. Çünki ayənin sonunda buyurulur: "İnsanların günahı onların azğınlığına səbəb olur.” Axı necə ola bilər ki, Allah xalqı imana çağırdığı halda Özü onları azdırsın? Axı bir bu qədər peyğəmbər və səmavi kitab göndərən Rəbbimiz xalqı azdırmaq istəyərmi?” Necə ola bilər ki, Allah insanları azdırdığı üçün İblisi məzəmmət etsin, Özü isə Öz bəndələrini azdırsın?!
Bu ayədə həm hidayət, həm də azdırmaq ümumi şəkildə Allaha aid edilsə də, digər ayələrdə məsələ açıqlanılır. Məsələn, bir ayədə oxuyuruq: "Allah Ona doğru hərəkət edənləri hidayət edir.”("Maidə”, 16. ) Başqa bir ayədə göstəriş verilir ki, insanlar Allahın razılığı ardınca getsinlər.("Ənkəbut”, 69.) Başqa bir ayədə oxuyuruq: "O kəslər ki, Allah yolunda cihad edər.”("Əhzab”, 7.) Əksinə öz istəyi ilə əyri yolu tutanları Allah özbaşına buraxır. Allahın azdırması da elə özbaşına buraxmaq mənasındadır. Çünki, kafirlər, zalımlar, günahkarlar və israfçılar haqqında "la yəhdi” sözü işlədilmişdir. Sədinin təbirincə:
|
Var yol, quyu, görən göz, işıq,
Aydınlıq içində yolunu azan.
Burax qoy yıxılsın olsun peşiman.
İnsan yola baxıb olmalı ayıq.
|
Bildirişlər
1. İş şəri, əqli və ürfi cəhətdən məzəmmətli olduqda həya etmək lazımdır. Amma həqiqətin bəyanında utanmaq bəyənilməmişdir. ("La yəstəhyi”)
2. Uca və mühüm həqiqətləri sadə dildə, misallarla bəyan etmək olar. ("Ən yəzribə məsələn”)
3. Mömin Allah kəlamına inanır və bu göstərişlərə mütidir. ("Yələmunə ənnəhul-həqq”)
4. Quran məsəlləri tərbiyə və inkişaf vasitəsidir. ("Fəyələmu ənnəhul həqqu min rəbbihim”)
5. Quran məsəlləri haqdır və həqiqətləri bəyan edir. ("Ənnəhul həqqu”)
6. Haqqı axtaran kəs hər bir nurla yolu tapır. Bəhanəçi insan isə heç bir işığı bəyənmir. ("Maza əradəllahu bihaza məsələn.”)
7. Küfr və inadkarlıq bəhanə amilidir.
8. Günah azğınlığa səbəb olur və həqiqətləri tanımağa maneçilik törədir. ("Ma yuzillu bihi illəl-fasiqin.”)
9. Quran məsəlləri hidayət və ya zəlalət vasitəsidir. ("Yuzillu bihi, yəhdi bihi”)
10. Allah əhdini pozanı günahkar, günahkarı isə azğın edir. ("Və ma yuzillu bihi illəl fasiqin.”)