NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 258
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Məgər Allahın padşahlıq verdiyi kəsi (Nəmrudu) görmədinmi ki, İbrahim və onun Allahı haqqında höcətləşirdi? İbrahim deyəndə ki, "mənim Allahım dirildən, öldürən kəsdir," o dedi: "Mən də dirildirəm və öldürürəm.” İbrahim dedi: "Allah günəşi şərqdən çıxarır. Sən günəşi qərbə gətir." (Bu vaxt) o kafir çarəsiz qaldı. Allah zalım qövmü hidayət etməz.”
Nöqtələr
Əvvəlki ayədə oxuduq ki, Allah möminlərin dostudur və onları zülmətdən çıxarıb nura aparar. Bu və bundan sonrakı ayələr ilahi vilayətin nümunələrini açıqlayır. Zülmətlərdən çıxarıb nura doğru aparmaq bu qəbildəndir.
Tarixi rəvayətlərdə nəql olunur ki, Nəmrud Babil padşahlarından olmuşdur. O, həzrət İbrahimlə Allah haqqında mübahisələrə girişmişdir. Həzrət İbrahim öz Allahının dirildən və öldürən Allah olduğunu dedikdə, Nəmrud iddia etmişdir ki, o da dirildib öldürməyi bacarır. Sonra iki məhbusu gətirmiş və birini azad edib digərini öldürmüşdür. Bu axmaq işi müşahidə edən İbrahim Nəmrudun diriltmək və öldürmək haqqındakı sarsaq təfəkkürünü tanımışdır. İbrahim Nəmruda təklif etmişdir ki, Allahın şərqdən çıxardığı günəşi qərbdən çıxarsın. İbrahim demişdir: "Əgər sən varlıq aləmində hakimiyyətə malik olduğunu iddia edirsənsə, günəşi qərbdən çıxart.” Həmin vaxt Nəmrud yerində donub qalmış və səsini udmuşdur.
Bildirişlər
1. Kimin nəyi varsa Ondandır. Kafirlər də, bu dünyada Onun nemətlərindən bəhrələnirlər. Amma bu nemətlərdən sui-istifadə edirlər.
2. Qüdrət və hakimiyyət zalımlıq və təkəbbür amili ola bilər.
3. İctimai fikrə və xalqın mühakiməsinə diqqətli olmaq lazımdır. Həyatın yaranışı allahşünaslıq yollarından biri olsa və Nəmrudun cavabı düzgün sayılmasa da, həmin söhbətlər ictimai fikri təmin etmir.
4. Höcətləşmə, "müğalitə” batil əhlinin üsuludur.
5. Əgər həqiqət məntiq və dəlil yolu ilə bəyan olunarsa, batilə qalib gələr.
6. Mübahisələrdə fitri, əqli və ümumi dəlillərdən istifadə edin. Belə etsəniz, höcətcil müxalif də söz tapmaz.
7. Kafir zalımdır. Çünki özünə və insanlıq məqamına zülm etmişdir.