NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 264
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Öz hədiyyələrinizi minnət və əziyyətlə batil etməyin. O şəxs kimi ki, özünü xalqa göstərmək üçün malını infaq edir, Allah və qiyamət gününə inanmır. Bu şəxs saf daş parçası kimidir. Onun üzərində torpaq olsa, şiddətli yağış yağdıqda bu daşı çılpaq qoyar. (Riyakarlar da) əldə etdiklərindən heç bir bəhrə görməzlər. Allah kafir qövmü hidayət etməz.”
Nöqtələr
Bu ayədə də təşbehlər işlədilmişdir. Ayədə riya və özünü göstərmək məqsədi ilə infaq edənlərin batini açıqlanır. Onların əməlinin zahiri torpaq kimi yumşaq, batini isə daş kimi bərkdir və nüfuz qabiliyyəti yoxdur. Bu zümrə qəlb daşlığı səbəbindən öz infaqından bəhrələnməz.
Bildirişlər
1. Fəqirlərə minnət qoymaq və onları incitmək infaq və sədəqənin mükafatını puça çıxarır.
2. Riya Allah və qiyamət gününə gerçək imanın olmadığını göstərir.
3. İnfaq yox, onun səbəbi və infaq edənin ruhiyyəsi mühümdür.
4. Minnət qoyan, riyakar və kafir insanın əməlləri puçdur. "Fəməsəluhu” (Onun misalı) sözü hər üç zümrəyə tətbiq edilə bilər.
5. Riyakar nəhayətdə rüsvay olur. Hadisələr həqiqətləri üzə çıxarır.
6. Riyakar nəinki axirət mükafatından məhrumdur, hətta ruhi inkişafını da əldən vermişdir.
7. Minnət qoyan və riyakar şəxs küfr dairəsindədir və hədələrə məruz qalır.