NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 35
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
35. وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ
"Dedik: Ey Adəm! Sən öz zövcənlə bu bağda sakin ol və hər ikiniz istədiyiniz kimi oradakı meyvələrdən bol-bol yeyin. Yalnız bu ağaca yaxın gəlməyin. Yoxsa özünüzə zülm edənlərdən olacaqsınız.”
Nöqtələr
Quran dilində "Şəcər” təkcə ağac yox, həm də buta deməkdir. Məsələn, Quranda belə bir ayə var: "Üstündə iki yarpaqlı bir buta bitirdik.”("Ali-İmran”, 142. ) Əgər rəvayətlərdə və təfsirlərdə bu ayədə "şəcər” sözünün buğdaya işarə olduğunu oxusanız, etiraz etməyə yer yoxdur.
"Cənnət” dünya bağlarına da deyilir. "Qələm” surəsinin on yeddinci ayəsində oxuyuruq: "Biz cənnət (bağ) sahiblərini imtahana çəkdik. Quranın digər ayələrindən və rəvayətlərindən məlum olur ki, Adəmin sakin olduğu cənnət vəd olunmuş cənnət olmamışdır. Çünki:
1. Vəd olunmuş cənnət mükafatdır. Adəm bir iş görməmişdi ki, ona mükafat veriləydi.("Hicr”, 48. )
2. Behiştə daxil olan kəs bir daha oradan çıxmır.("Təfsiri-Nurus-səqəleyn”, c. 1. s. 50. )
3. Həmin behiştdə qadağa, vəzifə yoxdur. Halbuki Adəmə hansısa ağacdan istifadə etmək qadağan edilmişdi. Bundan əlavə, Əhli-Beyt rəvayətlərində də nəql olunur ki, Adəmin olduğu behişt vəd olunmuş behişt olmamışdır.
Adəmə edilən qadağa vəzifə qadağası deyildi. Ona görə də bu qadağanın pozulması haram sayılmırdı. Bu qadağada məqsəd tövsiyə və yol göstərilməsi idi.
Bildirişlər
1. Məskəndə qadın kişiyə tabedir. ("Əntə və zəvcukə”)
2. Bir şəxsi pis işdən çəkindirmək istədikdə tərbiyə şivəsində əvvəlcə doğru yola çağırın, sonra qadağa qoyun. Bu ayədə də əvvəlcə cənnətdə qalmaq çağırışı, sonra isə qadağa bəyan olunur.
3. Günaha yaxınlaşmaq günahın qucağına düşmək səbəbidir. ("La təqrəba... fətəkuna”)
4. İlahi yoldan çıxmaq insanın özünə zülmüdür. ("Fətəkuna minəzzalimin”) Adəm və onun zövcəsi tövbə üçün dedilər: "Özümüzə zülm etdik.” Peyğəmbərlərin ismət sahibi, günahsız olması bunugöstərir ki, bu məqamda zikr olunan zülm günah yox, "tərke-övla”, yəni yaxşı bir işin tərki idi.