Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 74-cü Ayə

Surə 2
Ayə 74

Azərbaycan dilində tərcümə

Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır.) Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
Əl-Bəqərə surəsi , 74-cü ayə
Əl-Bəqərə surəsi 74-cü ayə
Tam Surə

Əl-Bəqərə surəsi 74-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 74

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bu hadisədən sonra sizin qəlbləriniz bərkidi. Daş kimi, ya daha bərk! Necə ki, bəzi daşlar yarılıb nəhrlər çıxır, bəzilərinin çatı götürülür və su ondan sızır və bəzi daşlar da Allah qorxusundan aşağı düşür. (Amma sizin qəlbləriniz təsirlənmir.) Allah sizin əməllərinizdən qəflətdə deyil.”
Nöqtələr
Əvvəlki ayələrdə Allahın bəni-İsrailə bir çox lütfləri, o cümlədən, fironun şərindən qurtuluşları, dəryanın parçalanması, onların buzovpərəstlikdən tövbələrinin qəbulu, ən üstün nemətlərin nazil olması, buludların kölgə salması, məsum şəxsin rəhbərliyi xatırlandı. Axırda bir qətl macərası, qatilin ecazkar bir üsulla müəyyən edilməsi haqqında danışıldı. Allah bu ayədə buyurur: "Sizin bütün bu nişanələrə diqqətsizliyiniz səbəbindən qəlblərinizi qəsavət (bərklik) bürüdü və daşqəlbli oldunuz. Hətta qəlbləriniz daşdan da bərk oldu.
Daşlar üçün müxtəlif mərhələlər vardır:
a) Onlar xırdalanır və kökslərindən nəhrlər care olub insanları sirab edir. ;
b) Onlar partlamır, amma ən azı özlərini və ətraflarını nəmləndirirlər. ;
v) Allah qorxusundan sükut və səcdə edirlər.
Bildirişlər
1. Qəsavət və daşqəlblilik ardıcıl inadkarlıq nəticəsində yaranmış ən pis ruhi xəstəlikdir.
2. İlahi ayələrin və lütflərin müşahidəsi nəinki inadkar insanların imanını gücləndirmir, hətta onların qəlbini bir az da daşlaşdırır.
3. Nəslimiz üçün xəcalət olası bir iş görməyək. Əcdadlar daşqəlbli idilər. Amma Allah onların nəslinə belə deyir:
4. Elm öz-özlüyündə, təklikdə nuraniyyət gətirmir. Haqında danışılan qövm bütün möcüzələri görsələr də, yenə qəlbləri yumşalmadı.
5. Qəsavətin, qəlbin bərkliyinin də mərhələləri var.
6. Ən sadə təşbehlə ən dərin maarifi bəyan etmək olar.
7. Tənqid əsaslı olmalıdır. Quran buyurur ki, bəzi qəlblər daşdan da bərkdir. Suyun daş kənarından axması dəlil kimi göstərilir.
8. Cansız aləmin də hansısa səviyyədə şüuru var. Çünki onların qorxusu haqqında danışılır. Çünki qorxu yalnız elmdən doğur. "Fatir” surəsinin iyirmi səkkizinci ayəsində buyurulur: "Allahdan yalnız elmi olanlar qorxar.” Mövləvi öz şerində bu məsələni belə nəzmə çəkmişdir:
Zərrələr söz açır gizli və aşkar,
Gecə-gündüz sənlə danışır onlar.
Deyirlər: eşidib, görüb, duyuruq,
Sizinlə söhbəti yersiz sayırıq.
Var suyun, torpağın, çiçəyin dili,
Bunu eşidəsi bəsirət əhli.
9. Qəsavətin dərmanı ilahi elmə diqqətdir.
10. Qəlbidaşlıq bizim rəftarımıza təsirlidir.
11. Allah bizim bütün işlərimizdən xəbərdardır.