Əsas məzmuna keç

Əl-Bəqərə surəsi - 87-ci Ayə

Surə 2
Ayə 87

Azərbaycan dilində tərcümə

Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik və ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!
Əl-Bəqərə surəsi , 87-ci ayə
Əl-Bəqərə surəsi 87-ci ayə
Tam Surə

Əl-Bəqərə surəsi 87-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 87

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Belə ki, Biz Musaya kitab (Tövrat) verdik və ondan sonra ardıcıl surətdə peyğəmbərlər göndərdik. İsa ibn Məryəmə (möcüzələr) aşkar dəlillər verdik və ona Ruhul-qüdslə yardım göstərdik. Bəs nə üçün peyğəmbər sizin nəfs istəklərinizə qarşı bir şey (hökm və göstəriş) dedikdə onun qarşısında təkəbbür göstərirsiniz? (Ona iman gətirmək əvəzinə) bir dəstəni inkar etdiniz, digər bir dəstəni qətlə yetirdiniz.”
Nöqtələr
Ayədə Allahın xalqın hidayətindəki ardıcıl lütfündən danışılır. Bildirilir ki, Musadan sonra Davud, Süleyman, Yuşə, Zəkəriyya və Yəhya kimi peyğəmbərlər göndərildi. Həmin peyğəmbərlərdən sonra həzrət İsa aşkar dəlillərlə məbus edildi və Ruhul-qüds ("Nəhl” surəsinin 102-ci ayəsindən məlum edildi ki, Ruhul-qüds Cəbraildir) tərəfindən ona yardım göstərildi. Amma Bəni-İsrail təkəbbür və asilik yolunu tutdu, ilahi hidayətin qəbulu əvəzinə peyğəmbərlərin inkarı və qətlinə əl atıldı.
Peyğəmbərlər tarixi İslam peyğəmbəri və möminlər üçün bir təsəllidir. Bu tarixlə tanış olduqda çətinliklərə dözmək asan gəlir.
Bildirişlər
1. Xalq arasında səmavi rəhbərin daimi mövcudluğu Allahın sünnəsidir.
2. Təlim və tərbiyə məsələsində tətilə, fasiləyə yer yoxdur. Peyğəmbərlərin ardıcıl şəkildə göndərilməsi tarix boyu hidayət cərəyanının davam nişanəsidir.
3. Mələklər Allahın övliyalarına yardım göstərirlər.
4. Peyğəmbərlər xalqın sorağına getməlidirlər.
5. Hidayət həvəspərəstliklə uyğun deyil.
6. Haqqa təslim olmayan insan təkəbbür əhlidir.
7. Həvəspərəstlik insanı peyğəmbəri qətlə yetirincəyədək süquta uğradır.
8. Peyğəmbərlər öz hədəflərini həyata keçirmək üçün son damla qanlarınadək müqavimət göstərmişlər.