NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 153
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bu (göstərişlər) Mənim doğru yolumdur. Ona tabe olun və başqalarının yolunu getməyin ki, sizi Allahın yolundan kənar salsınlar. Bu, Allahın sizə sifarişidir. Bəlkə təqva yolunu tutasınız.”
Nöqtələr
Həzrət Peyğəmbər (s) bu ayənin izahı üçün nümayiş üsulundan istifadə etmişdir. O, mübarək əli ilə yerə bir düz xətt çəkmiş və buyurmuşdur: "Bu, doğru yoldur və o, birdir.” Sonra həzrət həmin xəttin sağından və solundan xətlər çəkmiş və buyurmuşdur: "Onlar isə şeytanın dəvət etdiyi yollardır.” (İki nöqtədən yalnız və yalnız bir düz xətt keçir.)
Son üç ayənin axırında üç müxtəlif təbir işlədilmişdir: Şirk, qətl və günahı qadağan edən 151-ci ayənin sonunda "Bəlkə düşünəsiniz” təbiri işlədilmişdir. Yəni bu işlərin çirkinliyini azca düşünməklə qavramaq olar.
Yetimin malının hifzindən, ədaləti gözləməkdən, Allahla əhdə vəfadan danışan 152-ci ayədə "bəlkə xatırlayasınız” təbiri işlədilmişdir. Yəni ədaləti hər insanın fitrəti qəbul edir. Sadəcə xatırlamaq lazımdır.
Bu ayədə də Allahın göstərişlərinə tabeçilikdən danışılır. Ayədə "bəlkə təqva yolunu seçəsiniz” təbiri işlədilmişdir. Yəni təqva itaət yolunda atılan addımdır.
Nur bir, zülmət çox olduğu kimi, doğru yol bir, azğın yollar isə çoxdur.
Rəvayətlərdə oxuyuruq ki, doğru yolun görünən nümunəsi həzrət Peyğəmbər (s), məsum imamlardır.
Bildirişlər
1. Bütün ilahi dinlərin əsasını Allah yoluna tabeçilik, Allahdan qeyrilərinin yolundan çəkinmək təşkil edir.
2. İlahi hökmlərə əməl vəhdət səbəbidir. Allahdan qeyrilərinin hökmləri ardınca getmək təfriqə yaradır.
3. Bəlkə də son üç ayənin axırına diqqət yetirdikdə belə bir nəticə əldə edilsin: İnsanın təkamül və kamal mərhələləri düşüncə, xatırlama və təqvadan ibarətdir.