NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Dinlərini oyun-oyuncağa çevirənlərdən, dünya həyatının məğlub etdiyi kəslərdən əl götür. Quran vasitəsi ilə onlara öyüd ver. Məbada, kəsb etdiklərinin cəzası ilə məhv olsunlar. Halbuki Allahdan savay heç bir yardımçıları və şəfaətçiləri yoxdur!Əgər (həmin gün insan cəzasına görə) istənilən cür əvəz ödəsə, ondan qəbul olunmaz. Onlar o kəslərdir ki, kəsb etdiklərinin cəzası olaraq fəlakətə düşdülər. Onlar üçün küfrlərinin cəzası olaraq yanar sudan şərab və dərdli əzab olacaq.”
Nöqtələr
Ayədə azğınlardan əl götürülməsi dedikdə, onlara nifrətin izharı və rabitələrin kəsilməsi nəzərdə tutulur. Bəzən bu, müxaliflərlə döyüşlə sona çatır. Şübhəsiz ki, təkcə müxaliflərlə cihadın tərk olunması nəzərdə tutulmur.
"Tubsəl” dedikdə yaxşılıqlardan məhrum olub fəlakətə çatmaq nəzərdə tutulur.
Dinin oyuncağa çevrilməsi hər dönəmdə müəyyən bir formada təzahür etmişdir. Bəzən xurafi əqidələr izhar edilmiş, bəzən hökmlərin icrası mümkünsüz sayılmış, bəzən günahlara don geyindirilmiş, bəzən bidətə əl atılmış, bəzən rəy əsasında təfsir verilmiş və mütəşabeh ayələr əsas götürülmüşdür.
Bildirişlər
1. Dini qeyrət cəmiyyətdə dinsizlərin və əqidə müxaliflərinin rədd edilməsinə səbəb olur. Digər ayələrdə də bu məsələyə toxunulmuşdur.
2. Dünyaya bağlılıq və aldanış dinin oyuncağa çevrilməsi üçün zəmindir.
3. Xatırlatma və moizə ilahi qəhr-qəzəbdən qurtuluş səbəbidir.
4. Xatırlatma zamanı Qurandan bəhrələnməliyik.
5. Dünya ilə qürrələnməyək. Qiyamətdə Allahdan savay köməyimiz yoxdur.
6. İnsanın bədbəxtlik amili onun özü və əməlləridir.