NUR TƏFSİRİ : Fatihə surəsi 2 ci ayə
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur.”
"Bir şeyin həm sahibi, həm də tərbiyəçisi olan varlıq "Rəbb” adlanır. Varlıq aləminin həqiqi sahibi isə Allahdır. O bu aləmi yaratmış və həmin bu aləmlə bağlı tədbirlərini davam etdirməkdədir. Demək, bütün varlıq aləmi təkamül yolundadır. O, Allahın müəyyənləşdirdiyi yola hidayət olunur, istiqamətləndirilir.
"Həmd” surəsindən əlavə daha dörd surə ("Ənam”, "Kəhf”, "Səba”, "Fatir”) "əlhəmdulillah” cümləsi ilə başlayır. Amma yalnız "həmd” surəsində "əlhəmdulillah" kəlməsindən sonra "rəbbil aləmin” ifadəsi işlədilmişdir.
"Həmd” dedikdə mədh və şükür nəzərdə tutulur. İnsan kamillik və gözəllik qarşısında sitayiş edir, başqalarının xidmət və ehsanına görə təşəkkürünü bildirir. Allah-təala öz kamal və camalı, ehsan və nemətləri ilə sitayiş və şükrə daha layiqdir.
"Əlhəmdulillah” Allaha ən üstün təşəkkür formasıdır. İstənilən bir yerdə, istənilən bir dildə, istənilən şəkildə kamillik və gözəlliyə sitayiş edən insan əslində həmin kamillik və gözəlliyin mənbəsinə sitayiş edir. Əlbəttə, Allahın əmri ilə, Allah yolunda Onun məxluquna təşəkkür Allaha təşəkkürə zidd deyildir.
Allah bütün yaranmışların inkişaf və tərbiyə yolunu müəyyənləşdirmişdir: "Rəbbimiz hər şeyə vücud neməti vermiş və sonra kamal yoluna hidayət etmişdir.”("Taha”, 50) O, bal arısına hansı otlardan şirə çəkməyi, qarışqaya qış üçün azuqə toplamağı öyrətmişdir. İnsan orqanizmi ehtiyac duyduğu qanı yaratmaq istedadına malikdir. Belə bir Allah, əlbəttə ki, həmd-sənaya layiqdir.
Allah bütün yaranmışların xaliqidir: "O hər şeyin Rəbbidir.”("Ən`am”, 164. ) Göylərdə, yerdə, göylə yer arasında olanların xaliqi Odur: Göylərin, yerin və onların arasında olanların xaliqi Odur.”("Şuəra”, 24.) Həzrət Əli (ə) buyurur: "O, cansızların və canlıların Rəbbidir.” Başqa bir yerdə oxuyuruq: "Yaradan da, idarə edən də odur. O hər şeyin Rəbbidir.”
"Aləmin” dedikdə yalnız insanlar nəzərdə tutula bilər. Necə ki, Lutun qövmü həzrət Luta dedi(Hicr, 70.): "Məgər biz sənə xalqla (aləmlə) görüşü qadağan etməmişikmi?” Amma "aləmin” dedikdə bütün varlıq aləmi də nəzərdə tutula bilər. "Aləm” yaranmışlar mənasında, "aləmin” bütün yaranmışlar mənasında işlədilmişdir. Ayədən belə anlaşılır ki, bütün varlıq aləminin bir yaradıcısı var. Cahiliyyət dövründə və bəzi millətlərdə hər bir hadisənin öz Allahının olması etiqadı batil inancdır.
Bildirişlər
1. Bütün sitayişlər Onun üçündür. ("Əlhəmdulillah”)
2. Allah varlığın tərbiyə və inkişafında məcburiyyətə əl atmır. Ona görə də həmd məcburi olmayan işlər üçündür.
3. Bütün varlıq və ondakı tədbirlər gözəldir. Ona görə də həmd gözəllik və yaxşılıq üçündür.
4. Bizim sitayiş dəlilimiz Onun Rəbb olmasıdır. ("əlhəmdulillahi rəbbil-aləmin”)
5. Allahın Öz məxluqları ilə rabitəsi daimi və sıx rabitədir. (Rəssam və memar öz işini görüb gedir. Mürəbbi isə daim nəzarət etməlidir.)
6. Bütün varlıq aləmi bir Allahın tərbiyəsi altındadır. ("Rəbbul-aləmin”)
7. Bütün mövcudlarda inkişaf və tərbiyə istedadı vardır.
8. Allah insanları peyğəmbərlərin göstərişləri ilə (təşrii tərbiyə), digər canlı və cansız aləmi isə bilavasitə (təkvini tərbiyə) tərbiyə edir.
9. Möminlər Quranın başlanğıcında Allah dərgahına üz tutaraq deyirlər: "Əlhəmdu lillahi rəbbil-aləmin.” İşin sonunda behiştdə isə bu şüarı verirlər: "Həmd olsun aləmlərin rəbbi olan Allaha.”("Yunus”, 10. )