Əsas məzmuna keç

Əl-Hicr surəsi - 21-ci Ayə

Surə 15
Ayə 21

Azərbaycan dilində tərcümə

(Varlıq aləmində və sizin təsəvvür aləminizdə) elə bir şey yoxdur ki, onun xəzinələri (onun vücudunun Bizim mütləq iradəmiz və «ol» kəlməsi olan mənbələri) Bizim yanımızda olmasın və Biz onu (vücud mərhələsinə) yalnız müəyyən miqdarda nazil edirik. [Və həmçinin sizin yaşayış vasitələrinizdən elə bir şey yoxdur ki, (onun bu dünyanın varlıqlarından olan ilkin maddəsi) Bizim ixtiyarımızda olmasın və onu yalnız müəyyən miqdarda nazil edirik (gerçəkləşdiririk).]
Əl-Hicr surəsi , 21-ci ayə
Əl-Hicr surəsi 21-ci ayə
Tam Surə

Əl-Hicr surəsi 21-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 21

MÖHSÜN QƏRAƏTİ
15.12.2025

"Mənbə və xəzinəsi Bizdə olmayan heç nə yoxdur. Biz müəyyən miqdardan artıq göndərmirik.”

Nöqtələr
Çoxsaylı ayələrdə mövcudların yaranışında ölçü məsələsinə işarə olunmuşdur.
"Şura” surəsinin 27-ci ayəsində oxuyuruq ki, əgər Allah bəndələrinin ruzisini hədsiz artırsa, onlar təcavüzə əl atarlar. Bu səbəbdən də Allah məsləhət bildiyi qədər hər kəsə əta edir. Hazırkı ayədə də həmin nöqtəyə işarə olunur.
Xəzinə dedikdə güc çatan səbəblər, ünsürlər və imkanlar nəzərdə tutula bilər. Allah hər bir mövcudun ixtiyarında belə bir qüvvə qərar vermişdir.
"İn min şəyin illa indəna xəzainuhu”, yəni "xəzinəsi Bizdə olmayan şey yoxdur” cümləsi bütün yaranmışlara aiddir. Məsələn, görmə, eşitmə gücü də Allahın yanındadır. Görmə və eşitmə xəzinəsindən müəyyən miqdarda bizə əta olunur. Məsələn, Allah istəsə, bizə elə bir eşitmə qüvvəsi verər ki, yer kürəsinin əks tərəfindəki qarışqanın ayaq səsini eşidərik. Müasir nəbatat elmində kəşf olunub ki, hər bir bitkinin xüsusi çəkisi var. Bu xüsusi çəki artıb-azaldıqda həmin bitki yaşaya bilmir.
Nazilolma bəzən yağışın nazil olması kimi yuxarı məkandan, bəzən də dəmirin nazil olması kimi yuxarı məqamdan baş tutur. Bu ayədə oxuyuruq ki, nemətlərin ölçü və hesabı var, onların hər birinin miqdarı məlumdur. Digər ayə və rəvayətlərdə isə bu bildirişin amilləri bəyan olunur. İnsanların səyi ruzi təyinində təsirli ola bilər. Yaxşı əxlaq, ali təhsil, genişqəlblilik, xoşniyyət, canıyananlıq, salehlərin duası məlum miqdara təsir göstərə bilər.
Bildirişlər
1. Varlığın Allahın ixtiyarında olan mənbəsi var. Bu mənbənin yalnız bir hissəsi əlimizə çatır və biz həmin hissədən xəbər tuturuq.
2. Varlıqda ölçüsüz yaradılmış bir şey yoxdur.
3. Allahın xəzinələri çoxdur və Onun rəhməti tədricən nazil olur. ("Tənzil” dedikdə tədrici nüzul nəzərdə tutulur.)
4. İlahi xəzinələr daimidir. Çünki Allah yanında olan şey dəyişməzdir.
5. Allahdan qeyrisinə üz tutmayaq. Çünki istədiyimiz hər bir şeyin mənbəyi Allahın yanındadır.
6. Bir şeyin olması ondan istifadə üçün bəs etmir. Məsrəfdə hikmət, tutum və onlarla başqa şərt nəzərə alınmalıdır.
7. Varlığın bəşər tərəfindən kəşf olunmamış mənbələri mövcuddur.