NUR TƏFSİRİ: Əl-Hicr surəsi / ayə 99
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Yəqinə (ölümə) çatanadək Rəbbinə pərəstiş et.”
Nöqtələr
Təfsirçilərin nəzərincə bu ayədəki "yəqin” sözü ölüm, yəni bəşər üçün ən yəqin iş kimi dəyərləndirilməlidir. "Müddəssir” surəsinin 46-cı ayəsində kafirlərin dilindən deyilir: "Biz məadı ölüm anınadək təkzib edirdik.” Əslində "yəqin” "ölüm” mənasını bildirmir. Amma ölüm insanın yəqinliyə çatması üçün zəminədir. Çünki ölüm zamanı bütün pərdələr kənara çəkilir və insan gerçəkliyə əmin olur.
Bəzi çaşqınlar bu ayəni əsas götürərək deyirlər ki, yəqinə çatdıqdan sonra ibadətə ehtiyac yoxdur! Onlar unudurlar ki, bu ayədə İslam Peyğəmbərinə (s) xitab olunur. Belə ki, Peyğəmbər (s) ilk gündən yəqinə çatmışdı. O, kafirlərin hədələrinə belə cavab verdi: "Əgər ayı bir, günəşi o biri əlimə versəniz, yenə də öz vəzifəmdən əl çəkmərəm.” Amma həzrət belə bir yəqinliklə ömrünün son günlərinədək ibadət etdi.
Bildirişlər
1. Əgər bilsək ki, Allah bütün əziyyətlərimizi görür, müşküllərə asanlıqla dözərik.
2. Bütün insanların, hətta peyğəmbərlərin tutumu məhduddur.
3. Bəzən inadkarlıq qəlbigeniş insanları belə sıxıntıya salır.
4. Döyüşlərdə Peyğəmbərin (s) qəlbi sıxılmadı. Amma düşmənin sözləri ona əziyyət verirdi.
5. Ruhi sıxıntının əlacı namaz, səcdə, Allaha həmd-sənadır.
(İbn Abbas deyir: "Peyğəmbər (s) qəmləndiyi vaxt namaz qılardı.)
6. İbadətdən də mühümü onun davamlı olmasıdır.
7. Haqqa bəndəliyin davamlılığı yəqin yaranmasına səbəb olur.