Əsas məzmuna keç

Hud surəsi - 17-ci Ayə

Surə 11
Ayə 17

Azərbaycan dilində tərcümə

Məgər (əməl və etiqadında) öz Rəbbi tərəfindən (Qur’an kimi) aydın bir dəlil üzərində dayanan, ardınca Allah tərəfindən bir şahidi (məsumun təsdiqi, eləcə də onun Qur’anın təsdiqi olan möcüzəsi və ağılın hökmü) olan və ondan qabaq Musanın rəhbər və rəhmət olan kitabı olmuş bir şəxs (yalnız gümana və şəkkə əsaslanan bir kəs kimidir)? (Bəli,) bu Qur’ana iman gətirənlər onlardır. Və dəstələrdən kim ona kafir olsa, onun vədə yeri oddur. Buna görə də, onun barəsində şəkk və tərəddüddə olma. Şübhəsiz o, sənin Rəbbin tərəfindən olan sabit bir haqdır və lakin insanların çoxu iman gətirmirlər.
Hud surəsi , 17-ci ayə
Hud surəsi 17-ci ayə
Tam Surə

Hud surəsi 17-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 17

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Rəbbi tərəfindən aşkar dəlili olan, ardınca Ondan (Allahdan) bir şahid gələn, bundan öncə Musanın kitabı rəhbər və rəhmət olmuş (həmin kitabda gəlişi müjdə verilmiş kimsə başqaları kimi ola bilərmi?”) Onlar (haqpərəstlər) ona iman gətirər. Onu inkar edən dəstədən olan kəsin yeri oddur. Ondan sonra tərəddüddə olma. Şübhəsiz, o (vəhy), xalqın əksəri iman gətirməsə də, Rəbbin tərəfindən gəlmiş bir haqdır.”
Nöqtələr
Əksər şiə mənbələrinin bildirdiyinə əsasən, "şahid” təbiri Əli ibn Əbi-Talibə (ə) işarədir. Bu həqiqəti Həzrət Əli (ə) də öz xütbəsində təsdiqləmişdir.
Bu ayəyə əsasən, Peyğəmbərin (s) şahidi onun özündəndir. Şiə və sünni rəvayətlərinə əsasən, Peyğəmbər (s) buyurmuşdur: "Mən Əlidənəm, Əli də məndən.” 
"Rəd” surəsinin son ayəsində bildirilir ki, Peyğəmbər (s) kafirlərin müəyyən iradlarının cavabında buyurdu: "Mənimlə sizin aranızda şahidlik üçün Allah və kitab elmi olan kəs bəs edər.” Şiə və sünni rəvayətlərinə əsasən, həzrət öz buyruğunda Əli ibn Əbi-Talibi (ə) nəzərdə tutmuşdur. Əli (ə) ilə bağlı bəzi yerdə "şəhid”, bəzi yerdə "şahid” kəlmələri işlədilmişdir.
Bildirişlər
1. Öz təbliğatınızda qarşı tərəfin sağlam vicdanını məntiqi suallarla mühakiməyə çağırın.
2. Quran Allahın xalqa höccəti, dəlilidir.
3. Peyğəmbərin həyatı dövründə ona ardıcıl olan kəs peyğəmbərdən sonra da onun canişinidir.
4. Haqpərəst və fədakar ardıcılların varlığı peyğəmbərləri tanıma yollarından biridir.
5. Allah xalq üçün höccəti, zəruri dəlilləri tamamlamışdır. Həm Quran özü möcüzədir, həm də onun Əli ibn Əbi-Talib (ə) kimi şahidi var. Bu həqiqət həm də Tövrat tərəfindən müjdə verilmişdir.
6. Səmavi kitablar bir-birlərini təsdiqləyir.
7. Təbliğdə qarşı tərəfi tanımaq mühümdür. Hicazda yəhudilər məsihilərdən çox idi. İncildə də müjdələr verilməsinə baxmayaraq, Quran yəhudilərə müraciət edir.
8. Səmavi kitablar və ilahi qanunlar xalq üçün hidayət yolu və rəhmət vasitəsidir.
9. Xalq səmavi kitabı özünə rəhbər götürməlidir.
10. İmamət və rəhmət yanaşı olmalıdır.
11. Ölçü və mehvər firqə yox, həqiqətdir. Firqə, irq, məntəqə fərqlərinə yox, haqqa əsaslanq.
12. Hansı tayfadan və firqədən olmasına baxmayaraq bütün insanlar Qurana üz tutmalıdırlar. Əks təqdirdə, bəşəriyyəti Allahın qəhri gözləyir.
13. Bəzilərinin küfrü möminləri süstləşdirməsin.
14. Çoxluq haqlılıq nişanəsi deyil.