NUR TƏFSİRİ: Hud surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Nuh dedi:) "Mən sizə demirəm ki, ilahi xəzinələr məndədir və qeybi bilirəm. Demirəm ki, mən mələyəm, demirəm ki, sizin gözünüzdə xar olanlara Allah heç bir xeyir verməyəcək. Allah onların qəlbində olandan daha çox agahdır. (Bundan artıq bir şey desəm) şübhəsiz, zalımlardan olacağam.”
Nöqtələr
Qeyb elmi mütləq şəkildə, hər şeyə münasibətdə, istənilən bir şəraitdə Allaha məxsusdur. Amma bəzən Allahın izn və iradəsi ilə Onun övliyaları üçün qeyb aləminə baca açılır. Beləcə, ilahi peyğəmbərlər qeyb elmindən bəhrələnmişlər.
Təkcə qeyb elmi yox, qeyri-adi işlərin icra qüdrəti də Allaha məxsusdur. Amma Allah istədiyi kəsə istədiyi qədər bu qüdrətdən əta edər. Ölüm və həyat Allahın əlindədir.
Həzrət İsa da Allahın izni ilə ölüləri dirildirdi. Canları Allah alsa da, onun izni ilə mələklər də insanların canını alır. Xəlq etmək yalnız Allaha məxsus sifət olsa da, bəzən Onun izni ilə həzrət İsa da xəlq etmişdir.
Bildirişlər
1. Peyğəmbərdə boş iddia olmur. Onların işi dəvət, məqsədləri doğru yoldur. Əlbəttə ki, bu işlər də Allaha bəndəlik çərçivəsində görülür.
2. Qeyb elmi və varlıq xəzinələrinə sahiblik peyğəmbərlik şərti deyil.
3. Peyğəmbərlərin məqsədi maddi xəzinələrin bölüşdürülməsi yox, mənəvi çağırışdır.
4. Əlimizə çatan hər bir nemətin qaynağı və xəzinəsi var.
5. Allah övliyalarına münasibətdə həddi aşmayaq.
6. Nuh qövmünün əyan-əşrafı zahiri görürdü.
7. Başqalarına münasibətdə mühakimə apararkən onların zahirini əsas götürməyək.
8. Allahın lütfünü müəyyənləşdirən bizim zənn-gümanımız deyil.
9. Allah üçün lütf ölçüsü insanların batini və mənəvi ləyaqətidir.
10. Məhrumları yoxsulluğuna görə ləyaqətsiz saymaq zülmdür.
11. Puç iddialar, yalan adlardan sui-istifadə zülmdür.