NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 13
MÖHSÜN QƏRAƏTİ
16.11.2025
"Kafirlər öz peyğəmbərlərinə dedilər: «Biz, şübhəsiz, dinimizi qəbul etməsəniz, sizi öz torpağımızdan çıxararıq.» Rəbləri onlara vəhy etdi ki, Biz, hökmən, sitəmkarları məhv edərik.”
Nöqtələr
Sual: Əgər peyğəmbərlər besətdən öncə müşrik deyildilərsə, nə üçün kafirlər onları öz ayinlərinə qayıtmağa dəvət edirdilər?
Cavab: Əvvəla, kafirlər peyğəmbərlərin onların tabeçiliyinə qayıtmasını nəzərdə tuta bilərlər. Yəni kafirlər deyirdilər ki, sizin imanınız varsa da, bizə qarşı qiyam qaldırmamalı və bizim yolumuzdan çıxmamalısınız.
İkincisi, "Ud” sözü "ila” şəkilçisi ilə işlənmiş olsaydı, ilkin halətə qayıdış mənasını bildirərdi. Amma bu söz "fi” şəkilçisi ilə işləndiyindən nəzərdə tutulan ilkin hala qayıdış yox, sadəcə dəyişiklikdir. Yəni əqidənizi dəyişin və bizim ayini qəbul edin.
Üçüncüsü, şirkə qayıdış dedikdə, peyğəmbərlərin özlərinin yox, onların ətrafındakıların qayıdışı nəzərdə tutula bilər.
Bildirişlər
1. Bütün peyğəmbərlər müxaliflərin müqaviməti ilə qarşılaşmışlar.
2. Hədə və sürgün məntiqsiz zorluların siyasətidir.
3.Kafirlər istəmirlər ki, möminlərin müstəqil şəxsiyyəti olsun.
4. Hədəyə hədə ilə cavab verilməlidir.
5.Fəlakətin səbəbi küfr yox, zülmdür.
6. Zülm davamsızdır, zalımın sonu puçdur.