Əsas məzmuna keç

Əl-İsra surəsi - 1-ci Ayə

Surə 17
Ayə 1

Azərbaycan dilində tərcümə

Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır).
Əl-İsra surəsi , 1-ci ayə
Əl-İsra surəsi 1-ci ayə
Tam Surə

Əl-İsra surəsi 1-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 1

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Öz nişanələrindən göstərmək üçün gecə bəndəsini (Məkkədə) Məscidul-Həramdan (Beytul-Müqəddəsdə) ətrafına bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak-pakizədir. Həqiqətən, O, eşidən və görəndir.”
Nöqtələr
Merac səfəri tarixin ən müqəddəs səfəridir. Bu səfərdə müsafir İslam peyğəmbəri (s), uçuş məkanı Məscidul-Həram, eniş məkanı Məscidul-Əqsa, qonaq sahibi Allah, məqsəd ilahi ayələrin (nişanələrin) müşahidəsi, sovqat səma xəbərləri və bəşər düşüncəsinin maddi dünya səviyyəsindən yuxarı qaldırılmasıdır.("Bihar, c. 18, s. 389 )
Rəvayətlərə əsasən həzrət Peyğəmbər (s) hicrətdən əvvəlki il Məscidul-Həramda məğrib (şam) namazından sonra Məscidul-Əqsadan, "Buraq” (Bu ayə və "Nəcm” surəsinin 8-18-ci ayələri deyilənlərə sübutdur. )vasitəsi ilə səmaya qalxdı. Qayıdıb Məscidul-Həramda sübh namazını qıldı.("Təfsiri-Kəşful-Əsrar” )
Peyğəmbərin (s) meracı yuxuda və ruhən yox, oyaq vaxtı və cismani baş vermişdir! Bu, dinin zəruri etiqadlarındandır və bütün İslam firqələri tərəfindən yekdilliklə qəbul olunur.(Kafi”, c. 8, s. 121 )
Mütəvatir (çoxları tərəfindən nəql olunan və şübhəyə yer qalmayan) rəvayətlərdə, bəzi dualarda və ziyarətnamələrdə də bu məsələyə işarə olunur. Bəzi hədislərdə meracın cismaniliyini inkar edən kəs kafir kimi tanıtdırılır.
Allah-təala həzrət Adəmi səmadan yerə endirdi. Amma həzrət Rəsulu (s) yerdən səmaya qaldırdı("Təfsiri-Təbəri” ). Peyğəmbər (s) həmin gecə yuxarı aləmləri, səma qatlarını və yaranış qəribəliklərini müşahidə etdi, peyğəmbərlərlə görüşdü("Bihar”, c. 18, s. 282-410 ). Bu səfərdə həzrət üçün qüdsi hədislər bəyan olundu və bu hədislərdə həzrət Əlinin (ə) rəhbərlik və vilayəti təsdiqləndi.
Bu səfərdə həzrət Rəsul (s) behişt və cəhənnəmi gördü. Behişt əhlinin vəziyyəti və onlara verilən nemətlər, cəhənnəm əhli və onlara verilən əzablar Peyğəmbər (s) tərəfindən müşahidə olundu. Peyğəmbər (s) merac əhvalatını bəyan edən vaxt bəzən tutumsuz insanlar dindən çıxdılar("Əraf”, 89 ).
İRAD VƏ UYĞUN IRADIN CAVABI
Peyğəmbərin (s) meracı – səma səfəri ilə bağlı müəyyən suallar, şübhələr bəyan olunmuşdur. Məsələn, bildirirlər ki, atmosferdən kənarda hava yoxdur, yandırıcı isti və öldürücü soyuq var, çəkisizlik mövcuddur, fəzanın təhlükəli şüaları şölələnir, səma səfəri üçün bir gecə bəs etməz, səma səfərinə çıxan bir şəxsdə işıq sürəti və ya daha böyük sürət olmalıdır, yerin cazibəsindən çıxmaq üçün saatda 400 min km. yol getmək lazımdır və s.
Uyğun şübhələri ümumi şəkildə belə cavablandıra bilərik: Merac mövzusu Quranda və mütəvatir rəvayətlərdə bəyan olunmuşdur(Yusuf”, 68 ). Mövzunu xırdalıqları ilə yox, prinsipcə qəbul etmək zəruridir. (Əlbəttə ki, Allahın cisim halında müşahidə olunmasını bəyan edən rəvayətlər etibarsızdır. Behişt və cəhənnəm əhlinin müşahidəsi isə qəbulolunası bir xəbərdir.) Digər bir tərəfdən, möcüzə ağıl baxımından mümkünsüz sayılmamalıdır. Merac İslam peyğəmbərinin (s) möcüzələrindən olduğu kimi, bütün möcüzələrə tətbiq olunan qayda ona da şamil olunur.
Digər çətinliklər ilahi qüdrətə əsaslanmaqla həll olunasıdır. Bundan əlavə, bu gün insan səmaya təyyarə qaldırdığından, digər planetlərə süni peyklər və hava gəmiləri göndərdiyindən merac məsələsini qəbul etmək problem deyil.
Quranda Bilqeysin taxtının bir göz qırpımında bir ölkədən digər ölkəyə gətirilməsi qeyd olunur. Belə bir məlumat merac məsələsinin məsafə baxımından mümkünsüzlük ehtimalını aradan qaldırır.
Bildirişlər
1. Merac hadisəsi əbəs deyil, onun yetərincə mühüm səbəbləri var.
2. Merac Peyğəmbər (s) üçün xüsusi ekskursiya və onun elmi görüşünün təcəssümü idi. Çünki Allah məkansızdır.
3. Bəndəlik uçuş, yüksəliş üçün müqəddimədir. Çirkin sifətlərdən paklanmamış yüksəliş mümkünsüzdür.
4. Meraca gedən insan da bəndədir. Allah övliyalarına münasibətdə ifrata varmayaq.
5. Bəndəlik peyğəmbərlərin iftixarı və ilahi ətalar üçün zəmindir.
6. Ümməti gələcəkdə kosmosa uçacaq peyğəmbərin merac səfəri və səmaya qalxması zəruridir.
7. Allaha yaxınlıq üçün gecə ən münasib vaxtdır. ("Sura” gecə səfəri və hərəkət mənasını bildirir.)
8. Merac gecəsi olduqca əhəmiyyətli bir gecədir.
9. İstedad və ləyaqəti olan kəs bir gecəlik yüksəlib, pərvaz edə bilər.
10. Möminin mənəvi pərvazı üçün ən üstün yer məsciddir.
11. Məscid bütün işlərimiz üçün mehvər olmalıdır.
12. Müqəddəs hərəkatlar müqəddəs yollarla gerçəkləşməlidir.
13. Təravət və bərəkət məscid mehvərindədir.
14. Beytul-Müqəddəs və onun ətrafı tarix boyu səmavi bərəkətlərin nazil olma məhəlli, peyğəmbərlərin aramgahı və mələklərin eniş yeri olmuşdur.
15. İnsanın elmi tutumu yer biliklərindən çoxdur, səma əsrarəngizlikləri yer əsrarəngizliklərindən daha genişdir.
16. Merac səfərində məqsəd mərifət və mənəvi yüksəliş qazanmaq idi.
17. İlahi ayələr (nişanələr) bitib-tükənməz olduğundan, Allahın rəsulu (s) da onları sonadək əxz edə bilmir.
18. Allah-təala müxaliflərə xəbərdarlıq edir ki, onları görür və sözlərini eşidir.