NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Əgər Rəbbindən gözlədiyin bir mərhəmətin intizarı ilə onlardan üz çevirərsənsə, onlarla yumşaq danış.”
Nöqtələr
Bu ayə xalqla münasib rəftar haqqındadır. Ona görə də Peyğəmbər (s) Allahdan qurtuluş və mərhəmət gözlədiyi bir vaxt istədiyini yerinə yetirmədiyi bir kəs üçün dua edir və buyurur: "Allah bizə və sizə Öz fəzlindən ruzi versin.”(Bax: "Taha”, 44; "İsra”, 23; "Nisa”, 9; "Nisa”, 8; "Nisa”, 63 )
Fatimeyi-Zəhra (s) ev işlərində kömək üçün Peyğəmbərdən (s) kəniz istədikdə həzrət buyurdu: "Məsciddə libası və yeməyi olmayan dörd yüz nəfər var. Əgər belə olmasaydı, sənə xidmətçi təyin edərdim.” Sonra Peyğəmbər (s) "Həzrət Zəhranın təsbihi” adlanan məşhur zikri öz qızına öyrətdi.("Kafi”, c. 2, s. 55 )
Quranda xalqla necə danışmağı aydınlaşdıran göstərişlər var. İnsan yumşaq, sadə, tutarlı, yaxşı və təmiz danışmalıdır.("Təfsiri-Nurus-Səqəleyn” )
Bildirişlər
1. Bəzən peyğəmbərlər də ətrafdakılara kömək etməyə aciz qalır.
2. Allahın mərhəmətinə ümid bəsləmək lazımdır.
3. Allahın bizə borcu yoxdur, nə verirsə rəhmətindən verir.
4. Səy və ümid yanaşı olmalıdır. Təklikdə nə səy, nə də ümid səmərə verir.
5. Mömin məhrumlara əl tutmaq üçün imkan axtarışındadır.
6. Maddi imkanları ilahi rəhmət sayaq.
7. Maddi imkanlar insanların tərbiyə və təkamülünə yönəldilməlidir.
8. İnfaq və yardımı dayandırmaq üçün yalnız əliboşluq üzr sayıla bilər.
9. Bir şəxsə maddi yardım göstərmək imkanımız yoxdursa, heç olmasa xoş sözlərlə onun qəlbini ələ alaq.
10. Yoxsullara ümid verin ki, onlar çalışıb öz müşküllərini həll edə bilsinlər.