Əsas məzmuna keç

Əl-Maidə surəsi - 31-ci Ayə

Surə 5
Ayə 31

Azərbaycan dilində tərcümə

Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!» Beləliklə o, peşman olanlardan oldu.
Əl-Maidə surəsi , 31-ci ayə
Əl-Maidə surəsi 31-ci ayə
Tam Surə

Əl-Maidə surəsi 31-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 31

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah bir qarğa göndərdi ki, yeri qazmaqla qardaşının cəsədini necə basdırmağı göstərsin. (Qabil) dedi: "Vay olsun mənə! Bu işdə bu qarğa qədər də olmaqda acizəm ki, qardaşımın cəsədini dəfn edəm! Nəhayət, o peşmançılardan oldu.”
Nöqtələr
Qabil qardaşını öldürdükdən sonra cəsədin ətrafına yırtıcıların toplaşdığını görüb, onu çiyninə götürdü. Amma bunun bir faydası olmadı. Yerində donub qalmış Qabil gördü ki, bir qarğa ölmüş başqa qarğanı basdırır. Qarğadan bu işi öyrənib öz qardaşının cəsədini dəfn etdi.
«Ğurab» dimdiyi və ayaqları qırmızı, qarğaya oxşar bir quşdur. 
İlk insanlar çox təcrübəsiz olmuşlar. Amma Allah-təala müxtəlif yollarla daim bəşəriyyətə lütf etmişdir.
İmam Səccad (ə) buyurmuşdur: "Allah iki qarğa göndərdi və qarğalardan biri o birini öldürdü. Sonra qatil qarğa dimdiyi ilə çala qazıb ölü qarğanı dəfn etdi. 
İmam Səccad (ə) buyurmuşdur: "Peşmançılıq doğuran günahlardan biri günahsız insanın qətlə yetirilməsidir.” 
Bildirişlər
1. Bəzən heyvanlar Allahın əmrini yerinə yetirir. Onlar ilahi göstəriş əsasında hərəkət edir və Allahın istədiyi yolla gedirlər.
2. Bəşəriyyət bir çox bilikləri heyvanların həyatından öyrənmişdir.
3. İnsan daim öyrənməlidir. Əsas məsələ öyrənməkdir, hətta heyvanlardan da olmuş olsa!
4. Allah bəzən insanı ilk baxışdan bacarıqsız görünən heyvan vasitəsi ilə öyrədir ki, qürrələnməsin və qarğadan da öyrənilməsi işlərin olduğunu anlasın.
5. Ölünün cəsədi torpaqda dəfn olunmalıdır. (Cəsədi saxlamaq, mumyalamaq, yandırmaq düzgün deyil.)
6. İnsanın ölüsünə də ehtiram lazımdır. Ölü insan qurd-quşa yem olmamalı, dəfn edilməlidir.
7. Peşmançılıq insan fitrətinin haqpərəstlik nişanəsidir.