NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 95
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Ehram halında ovu öldürməyin. Sizlərdən hər kəs bilərəkdən ovu öldürsə, cəzası və kəffarəsi öz aranızdan olan iki ədalətli şahidin (oxşarlığını) təsdiq etdiyi oxşar heyvanın kəsilməsidir. (Bu qurbanlıq heyvan) Kəbəyə çatası bir hədiyyədir. Ya da (qurbanlıq yerinə) əvəz üçün (altmış) fəqirə təam versin, ya da o qədər oruc tutsun. (Bu üç kəffarənin səbəbi odur ki,) öz işinin cəzasını alsın. Allah sizin keçmişinizi bağışladı. Hər kəs bu işi təkrar etsə, Allah ondan intiqam alar. Allah yenilməzdir və intiqam alandır.”
Nöqtələr
Ayədəki "hurum” həcc və ya ümrə üçün ehram halına girmiş adama deyilir.
"Ənam” sözünün tək forması olan "nəəm” dəvə, inək, qoyun mənasındadır.
"Məsakin” deyərkən fəqirlik səbəbindən öz məsləkini tərk edə bilməyən, başqa sözlə, fəqirliyin əldən salıb evdə oturtduğu kəs nəzərdə tutulur.
İmam Sadiq (ə) buyurmuşdur: "Dəvəquşunun kəffarəsi dəvə, vəhşi ulağın kəffarəsi inək, ceyranın kəffarəsi qoyun, vəhşi inəyin kəffarəsi inəkdir.”
Bildirişlər
1. Allahın möminlərdən xüsusi bir intizarı var.
2. Ehram halında əmin-amanlıq heyvanlara münasibətdə də qorunmalıdır.
3. Qadağa və ya halallığın fəlsəfəsi həmişə bir şeyin zatı və özü ilə bağlı olmur. Bəzən dövr və məkanın şəraiti, tarixi və coğrafi amillər ilahi hökmə təsir göstərir.
4. İslam xüsusi hallar üçün xüsusi göstərişlər nəzərdə tutur.
5. İslam qanunları hamı üçündür.
6. Xatadan da təhlükəlisi agah surətdə, bilərəkdən müxalifətçilikdir.
7. Cəza ədalətli olmalıdır.
8. Cəza və cərimə dəqiq yerinə yetirilməlidir.
9. İslam bütün hallarda ədaləti gözləyir.
10. İslam istənilən bir münasibətlə acların və fəqirlərin halına yanır.
11. Məkkədə kəsilən heyvanlar hədiyyədir.
12. Günahkara cərimə seçimində azadlıq verək. Onun iqtisadi və fiziki gücünü nəzərə alaq.
13. Qanunu pozmağın cəzası o qədər ağırdır ki, altmış fəqiri doyurmaq və ya altmış gün oruc tutmaq bu cəzanın bir hissəsidir.
14. Qanunlar rəsmi surətdə bəyan olunduqdan sonra icra edilir. Qanun özündən əvvəlki dönəmlərə şamil edilmir.
15. Ovun təkrarına görə cərimədən əlavə ilahi intiqam və qəzəbdə vəd olunur.
16. Günahın israrı, təkrarı olduqca təhlükəlidir və onun ağır cəzası var.
17. İlahi hədələrə ciddi yanaşaq.